"Təhsil sahəsində böyük uğurlar qazanılıb" ÖZƏL-AÇIQLAMA

"Təhsil sahəsində böyük uğurlar qazanılıb" ÖZƏL-AÇIQLAMA

“Hər il olduğu kimi 2018-2019-cu tədris ili ərəfəsində də dərs ilinə hazırlıq prosesi çərçivəsində paytaxtımızda ciddi işlər görülüb, məktəb infrastrukturu yenilənib və yeni məktəblər, əlavə korpuslar tikilib. Bununla belə məktəblərin şəraitinin yaxşılaşdırılması, əsaslı təmir olunması istiqamətində addımlar atılıb. Konkret olaraq rəqəmlərlə ifadə etsək deyə bilərik ki, ümumtəhsil məktəblərində yeni dərs ilinə hazırlıq çərçivəsində 13 məktəbdə əsaslı təmir işləri aparılıb, eləcə də mövcud olan 4 məktəbin inşası, iki isə yeni məktəbin inşası başa çatdırılıb. Həmçinin bir məktəbin qəzalı vəziyyətdə olan korpusu sökülərək yenidən tikilib. Bununla belə bir məktəb üçün 1416 şagird yerlik binanın tikintisi, 25 məktəbdə isə cari kommunikasiya və təmir işləri aparılıb”. Bunu SİA-ya açıqlamasında Bakı Şəhər Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov deyib.

Onun sözlərinə görə, ümumtəhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq dövlət tərəfindən həyata keçirilən təhsilə qayğının, təhsil şəraitinin yaxşılaşdırılmasının, təhsilin keyfiyyətinin yüksədilməsinin bariz nümunəsidir: “Ümumiyyətlə, 1993-cü ildən sonra Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü və davamlı siyasət nəticəsində təhsil işçilərinə və tədris alanların təhsil şəraitinin yaxşılaşdırılması, təhsil işçilərinin sosial-müdafiəsinin gücləndirilməsi yönündə ardıcıl işlər görülüb. Bütün bu proseslər ölkə Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti, I vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən də davam etdirilib. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycanın müstəqillik illərində 3 mindən artıq yeni məktəb binasının tikilməsi və əsaslı təmir edilməsi 100 minlərlə təhsil alanın, məktəblinin təhsil şəraitinin yaxşılaşdırılmasına, ümumilikdə Azərbaycanda təshilin keyfiyyətinin yüksədilməsi ilə nəticələnib.

Son illərdə azərbaycanlı məktəblilər, şagirdlər ən nüfuzlu beynəlxalq olimpiadalarda ən yüksək yerləri tuturlar. Onlar öz uğurları ilə nəinki bölgədə, eləcə də dünyada Azərbaycanın elmə, təhsilə necə diqqət göstərilən bir dövlət olduğunu nümayiş etdirirlər. Həmçinin beynəlxalq reytinq cədvəllərində Azərbaycan təhsilinin uğurları, yeri iləbil irəliləyir. Hansı ki, bu reytinqlər beynəlxalq qurumlar tərəfindən həyata keçirilir. Son illərdə təhsilin keyfiyyətinin yüksədilməsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən aparılan müəllimlərin işə qəbulu müsabiqəsindəki şəffaflıq daha savadlı, hazırlıqlı müəllimlərin birbaşa seçilərək işə götürülməsi bütün bunlar ümumilikdə təhsilin keyfiyyətinin artırılmasına xidmət edən ən mühüm amillərdən biridir. Bütün bunlar təhsilə göstərilən qayğının, təhsildə aparılan islahatların davamlı olaraq dəstəklənməsinin nəticəsidir. Son illərdə aparılan islahatlar cənab Prezident tərəfindən imzalanmış “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilir. Bu günlərdə artıq həmin sənədin imzalanmasının 5 ili tamam olacaq”.

Qeyd edək ki, cari tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 442 147 şagird təhsil alacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərinin IX sinfində 30 139, X sinfində 21 102, XI sinfində 20 379, XII sinfində 690 şagird təhsil alacaq. Yeni tədris ilində paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinifdə 48 000-dən çox uşağın təhsil alacağı gözlənilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə