"Müəllim, şagird və valideynlər təhsilin inkişafında birgə addımlayırlar" AÇIQLAMA-ÖZƏL
“Bu gün hər birimiz üçün möhtəşəm gündür. Çünki ölkəmizdə 15 sentyabr tarixi həm “Bilik günü” həm də Bakının işğaldan zad olunmasının 10 illik yubileyi qeyd olunur”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Respublikasının əməkdar müəllimi, təhsil eksperti Almaz Həsrət deyib.
İllər öncə Azərbaycanda “Bilik günü”nün sentyabrın 1-də qeyd olunduğunu xatırladan ekspert söyləyib ki, o gün heç bir tarixi anla yadda qalmırdı.
Onun sözlərinə görə, amma “Bilik günü”nün məhz 15 sentyabr tarixinə keçirilərək ölkəmizin uğura imza atdığı günlə üst-üstə düşməsi şagirdlərin beyninə fərqli şəkildə həkk olunmuş olur.
“Bilik günü” münasibətilə təhsil işçilərini təbrik edən A. Həsrət söyləyib ki, bu gün keçiriləcək möhtəşəm parad bütün şagird və tələbə adını qazananların yaddaşına xüsusi şəkildə həkk olunacaq: “Bu günü yaşadığımız üçün hər birimiz qürur hissi keçirməliyik. Biz övladlarımıza yeni tədris ilində bilik qazanmağı arzu edirik. Çünki təhsilli, bilikli, savadlı olan xalq düşmən tərəfindən heç zaman aldadıla bilməz”.
Azərbaycan təhsilinin yeni tədris ilinə tam hazır olduğunu dilə gətirən əməkdar müəllim vurğulayıb ki, hər bir iş təkamül yolu ilə önə doğru gedir: “90-cı illərdən bu günə qədər baxsaq, Azərbaycan təhsilində mühüm inkişafı görmüş olarıq. Bildiyiniz kimi son illər ölkəmizdə müəllimlər seçilməsi istiqamətində mühüm işlər görülür. Onların bilik səviyyəsinin yoxlanması istiqamətində imtahanlar keçirilir və daha yaxşı müəllimlərin seçilməsi prosesi həyata keçirilir. Bunun özü inkişafa doğru atılan addımlardan biridir”.
A.Həsrət qeyd edib ki, bu gün ölkəmizdə təhsil sahəsində görülən mühüm işlərdən biri məktəbə hazırlıq qruplarının təşkilidir ki, artıq son illər bu sahədə də mühüm inkişaf görülməkdədir: “Məktəbə hazırlıq qrupları ev şəraitində, dayə nənə, başa yanında böyüyən uşaqların məktəbə uyğunlaşmasında mühüm əhəmiyyətə malikdir. Bunun sayəsində artıq birincilər sinfə tam şəkildə uyğunlaşmış şəkildə daxil olurlar”.
Yeni tədris ilində tətbiq ediləcək yeniliklərdən söz açan əməkdar müəllim söyləyib ki, bu ildən artıq XI siniflər kurikulum üsulu ilə təhsil alacaq. Onlar bu il yeni sistemlə buraxılış imtahanları verəcəklər. Bunun özü də təhsildə inkişafın göstəricisidir. Ölkəmizdə müəllim valideyn və şagirdlər bu inkişafda birgə addımlayırlar. Əminik ki bu birgəlik Azərbaycan təhsilini daha böyük uğurlara aparacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB