Bu gün ölkəmizdə Bilik Günü qeyd olunur

Bu gün ölkəmizdə Bilik Günü qeyd olunur

Bu gün ölkəmizdə yeni dərs ilinin başlanğıc günü - Bilik Günüdür. Hər bir insanın həyatında bu günün özəl yeri var. Məktəb həyatına ilk çağırış, ilk zəng. Ömrün ən unudulmaz bir zamanına çevrilən bu zəngin sədası illər, qərinələr ötsə də, unudulmur. Bu gün ölkəmizdə məktəbə qədəm qoyan hər bir məktəblinin keyfiyyətli və fasiləsiz təhsil alması üçün bütün imkanlar təmin edilib. Təhsilin keyfiyyətinin yüksəldilməsi üçün dövlətimiz tərəfindən yüksək şərait yaradılıb. Azərbaycanın dünyaya inteqrasiya olunduğu zamanda Azərbaycan təhsilinə yönəlmiş diqqət, məhz bu sahədə zamanın tələblərini ödəyə biləcək ziyalıların yetişməsinə doğru uğurlu bir addımdır. İnsanların həvəslə gözlədiyi və böyük məhəbbətlə qeyd etdiyi bu günün kəsb etdiyi mənanın arxasında böyük dəyərlər dayanır. Bu dəyərlərin ən başlıcası isə müasir dövrümüzdə Azərbaycanın gələcək inkişafını təmin edə biləcək, eyni zamanda, vətənpərvərlik ruhunda milli-mənəvi dəyərlərə söykənən mütəxəssislərin təhsilə mükəmməl olaraq yiyələnməsidir. Azərbaycan Prezidenti İlham Əliyevin təhsili dövlət siyasətinin prioritetlərindən biri kimi diqqətdə saxlaması, bu sahədə köklü islahatların aparılması təhsilin məzmun və keyfiyyətinə təsirini göstərir. Orta ixtisas məktəblərində təhsilin idarə edilməsi, eləcə də, onun keyfiyyətinin yaxşılaşdırılması sahəsində kifayət qədər irəliləyişlərin əldə olunması təhsilli, bilikli, savadlı mütəxəssislərin yetişməsinə səbəb olub.

Azərbaycan təhsilinə dövlət tərəfindən göstərilən diqqətin bariz nümunələrindən biri məktəb tikintisinin geniş vüsət almasıdır. Ölkəmizdə yeni məktəb binaları, əlavə korpuslar tikilib və əsaslı təmir olunub. Hazırda ölkəmizin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə, əsaslı təmir-bərpa işləri aparılır. 2018-ci ildə respublika ərazisində 137 modul tipli təhsil müəssisəsi istifadəyə veriləcək. Statistik rəqəmlərə əsasən, deyə bilərik ki, Bakı şəhəri və ölkənin 54 rayonu olmaqla, 193 təhsil müəssisəsində işlər aparılır. Yeni məktəblərin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, infrastrukturunun yeniləşdirilməsi nəticəsində, ümumilikdə, ölkə üzrə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Bütün bu işlər, ilk növbədə, şagirdlərin ən yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır. Eyni zamanda, müəllim kollektivinin yüksək səviyyədə çalışması üçün geniş imkanlar yaradır. Belə müasir tipli təhsil müəssisələrində 1 592 317 şagird təhsil alacaq. Onlardan 165 780 şagird isə birinci sinifdə təhsil alacaq.

Təhsilin Azərbaycan məktəblilərinə verdiyi imkanlardan kifayət qədər bəhrələnən yeniyetmələr istər Azərbaycanın daxilində, istərsə də, ondan kənarda öz təhsillərini davam etdirmək iqtidarındadırlar. Bu da müstəqil Azərbaycan dövlətinin gənclərə verdiyi ən böyük töhfələrdən biridir. Son illərdə məktəblilərin dərsliklərlə pulsuz təmin edilməsini və s. mühüm halların baş verməsi, məhz görülən işlərin məntiqi nəticəsi kimi qiymətləndirilir. 2018-2019-cu tədris ilində dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib və qeyd etdiyimiz kimi, həmin dərsliklər pulsuz olaraq paylanılıb.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili-idarəetmə sisteminin təkmilləşdirilməsi, insan resurslarının inkişaf etdirilməsi, müəllimin karyera imkanları, fəaliyyətinin stimullaşdırılması və müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsinin əsas hədəflərindəndir. Təhsil sahəsində həyata keçirilən tədbirlər ali məktəblərə qəbulun dinamikasında, yüksək bal toplayan tələbələrin sayının artmasında özünü qabarıq şəkildə göstərir. Artıq bir neçə ildir ki, ali məktəblərə qəbul imtahanlarında abituriyentlər tərəfindən ən yüksək göstərici - 700 bal toplanılır. Bu il 700 bal toplayan abituriyentlərin sayı rekord həddə çatıb. Belə ki, ümumilikdə, 29 nəfər 700 bal toplayıb. Ötən 27 il ərzində imtahanların məzmun və formasında aparılan dəyişikliklər abituriyentlərin imtahanlara daha effektiv hazırlaşmalarına, biliklərinin daha obyektiv və şəffaf şəkildə üzə çıxarılmasına kömək göstərib. Təbii ki, bütün bu dəyişikliklər abituriyentlərin nəticələrinə ilbəil öz müsbət təsirini göstərir.

Elə ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medallarla təltif olunması da bu qəbildədir. 2017-2018-ci tədris ilinin yekunlarına görə, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların 185-i qızıl, 38-i isə gümüş medala layiq görülüb. Bu il ümumi təhsil müəssisələrində tədris ilində ilk dərslər ibtidai siniflərdə "Vətənim Azərbaycan", V-IX siniflərdə "Dövlət rəmzləri-müstəqilliyimizin simvolu", X-XI siniflərdə "Azərbaycan Xalq Cümhuriyyəti-dövlətçiliyimizin bayraqdarı" mövzularına həsr olunacaq. Görülən sistemli işlər qarşıda duran yeni hədəfləri müəyyənləşdirməyə imkan verəcək, təhsil sahəsində milli ruhda və dünyanın aparıcı ölkələrinin təhsil sistemlərinin ən yaxşı örnəklərindən əxz olunan yeni məzmun və forma istiqamətlərində inkişafını təmin edəcəkdir.

Beləliklə, sentyabrın 15-i ölkəmizin bütün ümumtəhsil məktəbləri və ali təhsil ocaqlarında yeni dərs ili başlayır. Yeni dərs ilində bütün təhsil işçilərini, tələbə və şagirdləri yeniliklər gözləyir. Yeniliklər isə, həm də uğurların başlanğıcı deməkdir. Yeni dərs iliniz mübarək!

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə