Dövlət başçısının Sərəncamı ilə ali məktəblərə yüksək bal toplayaraq daxil olan gənclər Prezidentin aylıq xüsusi təqaüdünə layiq görülüblər
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-gənclər siyasəti gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təminində önəmlidir. Sovet dövründə, Azərbaycana rəhbərlik illərində olduğu kimi, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev hakimiyyətə qayıdışından sonra da gənclər dövlətimizin diqqət və qayğısı əhatəsində olublar. Müstəqil Azərbaycanda gənclərin maraqlarını təmin edən, beynəlxalq təcrübəyə əsaslanan dövlət-gənclər siyasəti formalaşdırılıb və uğurla həyata keçirilir. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini qərarları ilə təsdiq edir. Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" Sərəncamı gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət göstərib. Proqrama uyğun olaraq, gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində tədbirlər həyata keçirilib. Bununla yanaşı, dövlət proqramları, "2005-2009-cu illərdə gənclər siyasəti üzrə Dövlət Proqramı", "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı" (2006-2010-cu illər), "Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı" (2007-2012-ci illər), "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı", "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" təsdiq edildi. Bütün bunlar gənclər siyasətinin daha da təkmilləşdirilməsini təmin edib, gənclərin yaradıcılıq potensialının aşkara çıxarılmasına, yaradıcılıq potensialının reallaşdırılması üçün lazımi şəraitin yaradılmasına, yaradıcılıq potensialının səmərəli idarə edilməsinə, gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə böyük zəmin yaradıb.
Yeniyetmə və gənclərin fəal vətəndaş kimi formalaşmasına, intellektual, fiziki və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ölkəmizin beynəlxalq aləmdə tanıdılmasına yönəlmiş layihələrin reallaşmasına kömək göstərmək məqsədilə 2011-ci il dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılmışdır. Azərbaycanda, ilk dəfə olaraq, layihələrin elektron qəbulu sistemini tətbiq edən, gənclər təşkilatları ilə yanaşı, 16-29 yaşlı fiziki şəxsləri də dəstəkləyən fond bir çox müsabiqələr keçirmişdir. Həmin layihələrin üçdə-biri gənclər təşkilatlarına, qalan hissəsi isə respublikamızın müxtəlif bölgələrində yaşayan, istedadı və ictimai fəallığı ilə seçilən fərdlərə məxsus olmuşdur. Dövlət başçısının Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamı da on minlərlə gəncin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında yaxından iştirakının təminində mühüm rol oynadı. Fond fəaliyyəti dövründə yüzlərlə Azərbaycan gəncinin müxtəlif beynəlxalq tədbirlərdə ölkəmizi təmsil etməsinə də şərait yaratmışdır. Bütün görülən işlər, həyata keçirilən layihələr və tədbirlər, bir daha göstərir ki, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan dövləti daim gənclərin ictimai-siyasi, həmçinin, sosial-iqtisadi proseslərdə nümayiş etdirdiyi fəallığı yüksək dəyərləndirir, onların həyat şəraitinin yaxşılaşdırılması, eyni zamanda, özlərini təsdiq etmək və yüksək səviyyədə təhsil almaları üçün bütün şəraiti yaradır. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin gənclər siyasətinin başlıca məqsədi gənclərin hərtərəfli inkişafını təmin etmək, onların sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şərait yaratmaqdır. Bütün bunlar üçün real işlərin görülməsi üçün dövlət proqramları qəbul edilir və yüksək səviyyədə icra olunur. Azərbaycan gəncləri də Prezident İlham Əliyevin onlara olan diqqət və qayğısını daim hiss edir və bunu yüksək qiymətləndirirlər.
Dövlət başçısı ali məktəblərə yüksək bal toplayaraq, daxil olan gənclərə də xüsusi diqqətlə yanaşır. Bu qayğı onlarda milli mənlik və vətənpərvərlik hissinin yaranmasında, inkişafında və yüksək təhsilə yiyələnməsində önəmlidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 sentyabr tarixində 2018/2019-cu tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2018/2019-cu tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdü veriləcək. Gənclərə göstərilən bu diqqət onların üzərinə daha böyük məsuliyyət qoyur.
Bu gün hər bir Azərbaycan gənci belə güclü, qüdrətli dövlətin vətəndaşı olmağı ilə qürur duyur, respublikamızın daha da güclənməsinə, qüdrətlənməsinə öz töhfələrini verməyə çalışır, əsl vətəndaşlıq məsuliyyətlərini ölkənin ictimai-siyasi həyatında tutduqları sağlam mövqe ilə təsdiqləyirlər.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB