Nazirliyin aparat rəhbəri: “Səhiyyə mütəxəssislərinin sertifikatlaşdırma işi hələ ki, tək Bakı şəhəri üzrə həyata keçiriləcək"-Açıqlama

Nazirliyin aparat rəhbəri: “Səhiyyə mütəxəssislərinin sertifikatlaşdırma işi hələ ki, tək Bakı şəhəri üzrə həyata keçiriləcək"-Açıqlama
"Tibb mütəxəssislərinin sertifikatlaşdırılması prosesinə bu aydan start verilib və ilk imtahanlar yanvar ayında keçiriləcək. Bu ay isə praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssisləri üçün sınaq test imtahanları təşkil ediləcək". Bu barədə SİA-ya Səhiyyə Nazirliyin aparat rəhbəri, Səhiyyə Mütəxəssislərinin Sertifikasiya Şurasının sədri Zəkiyyə Mustafayeva məlumat verib. Sınaq test imtahanlarının 8 ixtisas üzrə keçiriləcəyini deyən aparat rəhbəri vurğulayıb ki, səhiyyə mütəxəssislərinin sertifikasiyası prosesinin təşkili məqsədi ilə nazirlik tərəfindən Səhiyyə Mütəxəssislərinin Sertifikasiyası Şurası yaradılıb. Onun sözlərinə görə, 11 üzvdən ibarət Şuranın tərkibində Səhiyyə Nazirliyinin, sahə həmkarlar ittifaqının nümayəndələri, habelə tibb və əczaçılıq sahəsində görkəmli alimlər və aparıcı mütəxəssislər fəaliyyət göstərir: "Sertifikasiya tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan, eləcə də özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərini əhatə edir. Ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri beş ildə bir dəfə sertifikasiya prosesinə cəlb edilirlər. Hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar sertifikasiyaya cəlb edilmirlər. Səhiyyə mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən 5 il müddətində sertifikasiyadan keçmirlər".

Səhiyyə Nazirliyinin rəsmisi qeyd edib ki, səhiyyə mütəxəssislərinin sertifikasiyası şəffaflıq, aşkarlıq şəraitində 2 mərhələdə - test və müsahibə yolu ilə, nazirlik tərəfindən müəyyən edilmiş tibb və əczaçılıq ixtisasları üzrə təşkil ediləcək. O bildirib ki, test imtahanının nəticələri imtahan keçirilən tarixdən 3 gün müddətində bəyan ediləcək. Z.Mustafayevanın sözlərinə görə, test imtahanından uğurla keçənlər müsahibə mərhələsinə keçəcək və burada sertifikasiyaya cəlb edilən səhiyyə mütəxəssisinə ixtisasına aid, habelə onun praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən suallar veriləcək.

"Test imtahanının və müsahibənin nəticələri əsasında sertifikasiyadan keçən şəxslərə sertifikasiya şəhadətnaməsi verilir və onlar 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edirlər. Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yerləri saxlanılmaqla, müvafiq tədris müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün nazirliyə müraciət edə bilərlər. Sertifikasiyanın məqsədi həkimlərə ixtisas dərəcəsinin verilməsi deyil, tibb işçilərinin ümumi bilik səviyyəsinin yüksəldilməsi, yalnız savadlı mütəxəssislərin praktiki fəaliyyətlə məşğul olmasıdır. Sertifikatlaşdırma nəticəsində ixtisas dərəcəsinin verilməsi, maaşların artırılması nəzərdə tutulmur. Sertifikasiyadan fərqli olaraq, ixtisas dərəcəsinin alınması könüllüdür, bu dərəcələri almaq istəyənlər özləri nazirliyin müvafiq qurumuna müraciət edə bilərlər", - deyə o əlavə edib.

Aparat rəhbəri vurğulayıb ki, 30 min nəfərlik tibb mütəxəssislərini 2 ay içərisində sertifikasiyadan keçirmək imkanı yoxdur. Bunun mütəmadi davam edəcək bir proses olduğunu deyən o söyləyib ki, ilkin mərhələdə 5 il ərzində ixtisasartırma kursunu keçən səhiyyə mütəxəssisləri sertifikasiyadan keçiriləcəklər: "Beş il müddətində ixtisasartırma kurslarında olmayanlar isə əvvəlcə bu kurslara cəlb ediləcək, yalnız bundan sonra sertifikatlaşdırmaya buraxılacaqlar. Eyni zamanda, biz sertifikatlaşdırma işini hələ ki, tək Bakı şəhəri üzrə həyata keçiririk. Gələcəkdə regionlar üzrə sertifikasiya komissiyaları yaratmaq, yaxud imtahanları səyyar formada keçirmək planlaşdırılır. Sertifikasiya həkim və orta tibb işçilərinin nəzəri və təcrübi bilik və bacarıqlarını daha da artırmalarına imkan yaradacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə