İnnovativ müəllimlər müsabiqəsi elan edilib

İnnovativ müəllimlər müsabiqəsi elan edilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyilə "Microsoft Azərbaycan" şirkəti Azərbaycanda İnnovativ Müəllimlər müsabiqəsini elan edib. SİA-nın xəbərinə görə, müsabiqə Təhsil Nazirliyinin Microsoft korporasiyası ilə təhsil sahəsində uzunmüddətli əməkdaşlığının tərkib hissəsidir və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq keçirilir. Müsabiqə Ultra, Mədəd, HP və AzEduNet-in dəstəyilə keçirilir.

Müsabiqənin məqsədi orta məktəblərin tədris prosesində ən yaxşı innovasiya üsullarını tətbiq edən müəllimlərin seçilməsindən ibarətdir. Müsabiqə iki nominasiya üzrə keçiriləcək: "Məzmunda innovasiyalar" və "Tərəfdaşlıqda innovasiyalar".

"Məzmunda innovasiyalar" nominasiyası innovasiya yanaşmasının və informasiya texnologiyalarının yardımılə məktəbin dərs proqramını daha səmərəli şəkildə tədris etməyə imkan verən ən yaxşı təhsil layihələrinin müəyyən edilməsinə istiqamətlənir.

"Tərəfdaşlıqda innovasiyalar" nominasiyası müəllim, şagird, məktəb, valideyn və s. kimi müxtəlif qrupları daha effektiv şəkildə cəlb edən tədris layihəsini müəyyənləşdirəcək.

Müsabiqə iki mərhələdən ibarət olacaq. İlkin mərhələdə hər bir iştirakçı peşəkar münsiflər heyətinin qiymətləndirəcəyi layihənin təsvirini təqdim etməlidir. İkinci mərhələdə finalçılar öz layihələrinin təqdimatlarını keçirəcəklər. Finalçılar arasında müsabiqənin iki nominasiyası üzrə qaliblər həm pedaqoji, həm də valideyn jürisi tərəfindən müəyyənləşdiriləcək. Hər iki nominasiya üzrə müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutan qaliblər müəyyənləşəcək. Layihələrin qəbulu gələn ilin 15 yanvar tarixində başa çatacaq. Müsabiqə haqqında ətraflı məlumatı http://itn-az.spaces.live.com öyrənmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə