Təhsil Nazirliyinin internet saytı “Milli Net-2010” müsabiqəsinin qalibi olub

Təhsil Nazirliyinin internet saytı “Milli Net-2010” müsabiqəsinin qalibi olub

Dekabrın 4-də "Ambassador" otelində Milli Net - Milli İnternet Mükafatlarının təqdimetmə mərasimi keçirilib. SİA-nın xəbərinə görə, təqdimat mərasimində Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz Mili Net Təşkilat Komitəsinin adından çıxış edərək müsabiqənin keçirilməsi istiqamətində görülmüş işlər haqqında iştirakçılara məlumat verib və müvafiq işin gələcəkdə daha da təkmilləşdirilməsinin nəzərdə tutulduğunu vurğulayıb. AİF prezidenti milli internet resursların yaradılmasında mühüm əhəmiyyət kəsb edən bu müsabiqəyə dəstək verən Azercell Telekom MMC, Delta Telekom və HP şirkətlərinə təşəkkürünü bildirib.

Təqdimat mərasimində 14 nominasiya üzrə qaliblərin adları açıqlanıb və Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi internet saytının (http://edu.gov.az) "Milli Net-2010" müsabiqəsinin "Dövlət və bələdiyyə saytları" nominasiyası üzrə qalib gəldiyi məlum olub. Bildirilib ki, bu nominasiya üzrə II yerə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (http://customs.gov.az), III yerə isə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin (http://www.diaspora.gov.az) internet saytları layiq görülüb. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun http://sspf.gov.az, Naxçıvan Muxtar Respublikasının http://www.nakhchivan.az, Azərbaycan Ağır Atletika Federasiyasının http://www.aaaf.az saytları müsabiqənin nominantları elan edilib.

Sonra 14 nominasiya üzrə qalib gələnlərə Milli Net müsabiqəsinin tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək əks olunan buta və diplom təqdim olunub.

Təqdimat mərasimində İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri Cahangir Məmmədli, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, habelə digər dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edənlər "Milli Net-2010" müsabiqəsinin Azərbaycanda internetin inkişafında mühüm əhəmiyyəti olacağını qeyd edərək bu işin davamlılığını arzulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə