Dekabrın 3-də Təhsil Nazirliyində "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi, qarşıya çıxan problemlər, onların həlli yolları və təkliflər" mövzusunda 2010-2011-ci tədris ilində dövlət sifarişinin yerinə yetirilməsində iştirak etmiş ali məktəblərin baş mühasiblərinin seminar-müşavirəsi keçirilib.
SİA-nın xəbərinə görə, seminar-müşavirədə Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov, İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev və Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri Xaqani Rzayev iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" 10 fevral 2010-cu il tarixli fərmanına əsasən cari tədris ilindən ali təhsil müəssisələrində dövlət sifarişi üzrə kadr hazırlığının adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsinin əhəmiyyətindən söz açan Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov bu mexanizmin mütərəqqi xarakterindən, yeni mexanizmin icrası ilə bağlı bir sıra normativ sənədlərin hazırlanması istiqamətində Təhsil Nazirliyi və Maliyyə Nazirliyinin birgə əməkdaşlığından bəhs edib.
Seminar-müşavirədə çıxış edən Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri Xaqani Rzayev ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqinin "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun bir sıra müddəalarının, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 may tarixli 295 nömrəli sərəncamı ilə təsdiq olunmuş "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin icrasından irəli gəldiyini vurğulayıb.
Təhsil Nazirliyi İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev bu tədbirə qatıldığına görə Maliyyə Nazirliyi Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri Xaqani Rzayevə təşəkkürünü bildirib.
Ölkə Prezidentinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" 10 fevral 2010-cu il tarixli fərmanına əsasən Maliyyə Nazirliyinin bilavasitə dəstəyi ilə görülən konkret işlər barədə məlumat verən Ş.Əliyev "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli, 120 nömrəli Qərarı ilə təsdiq olunmuş bir sıra qaydaların və sənədlərin tələblərinin baş mühasiblər tərəfindən öyrənilməsinin zəruriliyini diqqətə çatdırıb.
Çıxışlardan sonra seminar-müşavirədə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı qarşıya çıxan problemlər və onların həlli yolları müzakirə edilib, baş mühasibləri maraqlandıran suallar cavablandırılıb, onlara müvafiq tapşırıq və tövsiyyələr verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB