ADU-nun rektoru İordaniya səfiri ilə görüşüb

ADU-nun rektoru İordaniya səfiri ilə görüşüb

Dekabrın 6-da Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov İordaniya Haşimilər Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adel Adeylahla görüşüb. Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovadan aldığımız məlumata görə, görüşdə regional və beynəlxalq məsələlər, eləcə də ölkələrimiz arasında mövcud münasibətlər barədə geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda, İordaniya və Azərbaycan parlament əlaqələri haqda müzakirələr aparılıb.

Səməd Seyidov Azərbaycan Dillər Universiteti haqqında məlumat verərək universitetdə təkcə Qərbi Avropa ölkələri deyil, Şərq ölkələrinin də öyrənilməsinə böyük diqqət verildiyini deyib. O, Yaxın və Orta Şərq ölkələri ilə Azərbaycan arasında çoxlu oxşarlıqların olduğunu vurğulayıb. Rektor Səməd Seyidov universitetlərarası əlaqələrin vacibliyini bildirdi, müəllim-tələbə mübadiləsinin iki ölkə arasında əlaqələrin genişləndirilməsinə imkan verəcəyini söyləyib.

Səfir Adel Adeylah Azərbaycan Dillər Universitetinin çox aktiv fəaliyyəti haqqında məlumatlı olduğunu deyib. Səfir İordaniya parlamenti ilə Azərbaycan parlament əlaqələri haqda danışaraq qarşılıqlı səfərlərin parlament səviyyəsində əlaqələrin genişlənməsində əhəmiyyətini önə çəkib. O, İordaniya universitetlərinin ADU ilə əlaqələrinin yaradılmasının ikitərəfli əlaqələrin dərinləşməsinə, elmi-mədəni əlaqələrə töhfəsini verəcəyinə əminlik ifadə edib.

Görüşdə həmçinin bir sıra gələcək qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdən sonra səfir Adel Adeylah ADU-nun İnformasiya Resurs Kompleksi ilə də tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə