“Abituriyent” jurnalında yüksək nəticə göstərmiş gənclər haqqında məlumatlar dərc edilib

“Abituriyent” jurnalında yüksək nəticə göstərmiş gənclər haqqında məlumatlar dərc edilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) "Abituriyent" jurnalının 10-cu sayında 2010-ci ildə ali məktəblərə keçirilmiş qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış gənclər haqqında məlumatları dərc edib. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu nəşrin əsas məqsədi istedadlı gənclərin ictimaiyyətə tanıdılması, onların təcrübəsinin öyrənilməsi, təbliği, digər tərəfdən isə yeniyetmələrin təhsilə daha da həvəsləndirilməsidir. Yüksək bal toplamış gənclər arasında respublikanın əksər regionlarının, əhalinin bütün sosial təbəqələrinin təmsilçiləri vardır.

Bu il respublikanın ali məktəblərinə keçirilən qəbul imtahanlarında 1384 abituriyent 600-dən yuxarı bal toplamışdır, onlardan 7 nəfər maksimal nəticə (700bal) əldə edib. Ən yüksək nəticə göstərmiş 102 gəncə Azərbaycan Respublikası Prezidentinin 08.09.2010-cu il tarixli Sərəncamı ilə Prezident təqaüdü təyin edilib.

Prezident təqaüdçülərinin 23 nəfəri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, 25 nəfəri Azərbaycan Tibb Universitetinin, 15 nəfəri Bakı Dövlət Universitetinin, 25 nəfəri "Qafqaz" Universitetinin, 7 nəfəri Azərbaycan Dövlət Neft Akademiyasının, 3 nəfəri Azərbaycan Dövlət İqtisad Universitetinin, 1 nəfəri Azərbaycan Milli Aviasiya Akademiyasının, 1 nəfəri Moskva Dövlət Universitetinin Bakı filialının, 2 nəfəri isə xüsusi təyinatlı təhsil müəssisələrinin tələbələridir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu il də öz ənənəsinə sadiq qalaraq ali təhsil müəssisələrinə qəbul imtahanlarında ən yüksək nəticə göstərərək Prezident təqaüdünə layiq görülmüş gənclərlə görüş keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə