Azərbaycanda TOEFL imtahanına hazırlıq inkişaf etdirilir

Azərbaycanda TOEFL imtahanına hazırlıq inkişaf etdirilir

“ETS Global” təşkilatının nümayəndələrinin Azərbaycana olan 5 günlük işgüzar səfərinin ilk günündə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə görüş təşkil olunub. Dövlət İmtahan Mərkəzindən SİA-ya verilən xəbərə görə, görüşdə “ETS Global”ın Türkiyə bürosundan nümayəndə olaraq Akademik və dövlət münasibətləri koordinatoru Zeynep Kaptan və Biznes məsələləri koordinatoru Simla Yuceakın iştirak edib. Nümayəndələr təşkilatın fəaliyyət istiqamətləri, xüsusilə TOEFL imtahanı barəsində geniş məlumat vermiş və DİM ilə əməkdaşlıq pespektivləri barəsində müzakirələr aparıb.

Aparılan müzakirələrdə qeyd olunub ki, son dövrlər təhsil, peşə, miqrasiya və.s məqsədlər üçün ingilis dili biliyinin qiymətləndirilməsində nəzərə alınan xüsusi dünya standartları olduğundan vətəndaşların TOEFL kimi beynəlxalq imtahanlara marağı artıb. Səfərin əsas məqsədlərindən birinin də məhz TOEFL imtahanların Azərbaycanda təbliğinin daha da genişləndirilməsi, eyni zamanda TOEFL imtahanına hazırlığın inkişaf etdirilməsi olduğu xüsusilə vurğulanıb.

Bununla yanaşı, qonaqlar hal-hazırda DİM-tərəfindən keçirilən ETS-ə məxsus TOEFL IBT və SAT imtahanları, həmçinin gələcəkdə keçirilməsi planlaşdırılan “Cambridge Assesssment English” və ACCA kimi beynəlxalq imtahanlar barəsində də məlumatlandırılıb.

Görüşün sonunda xanım Məleykə Abbaszadə “ETS Global” təşkilatının nümayəndələrinin səfər çərçivəsində DİM və ADA Universitetində yerli müəllimlər üçün həyata keçirəcəkləri TOEFL təliminə görə öz minnətdarlığını bildirib. Sədr, həmçinin DİM-in “ETS Global” təşkilatı ilə əməkdaşlıqda maraqlı olduğunu və qarşılıqlı önəm kəsb edən sahələrdə mövcud əlaqələrin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə