Şahlar Əsgərov: “Təhsildə pedaqoji mədəniyyət olmasa, orada heç nə olmayacaq və heç bir uğurlu nəticə əldə olunmayacaq” - MÜSAHİBƏ

Şahlar Əsgərov: “Təhsildə pedaqoji mədəniyyət olmasa, orada heç nə olmayacaq və heç bir uğurlu nəticə əldə olunmayacaq” - MÜSAHİBƏ

Milli Məclisin Elm və təhsil Komitəsinin keçmiş sədri, Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərovun SİA-ya müsahibəsi

- Bir vaxtlar müsahibənizdə demişdiniz ki, Azərbaycanda hamı akademik təhsil almalıdır. Sizcə, bu fikriləriniz nə dərəcədə doğrudur və indi də bu yanaşmada qalırsınızmı?
- Bu gün güclü Azərbaycan görmək istəyən, güclü Azərbaycan təhsili görməlidir. Zəif təhsillə güclü Azərbaycan yaratmaq mümkün deyil. Zəif inkişaf etmiş ölkələr maddi məhsuldansa intelektual məhsullara daha çox üstünlük verirlər. Biz də maddi məhsuldan intelektual məhsula keçməliyik. Bilirik ki, maddi məhsul nə vaxtsa qurtara bilər, ancaq intelektual məhsul qurtarmayacaq və yeni-yeni məhsullarla əvəz olunacaq.
Azərbaycan Prezidenti İlham Əliyev Cenevredə ilk çıxışı zamanı da dedi ki, "qara qızıl"ı intelektual qızıla çevirəcəm. Prezidentə hamı kömək etməlidir ki, onun xalq qarşısında üzərinə götürüyü öhdəlik yerinə yetirilsin. "Qara qızıl"ı da intelektual qızıla ancaq təhsil vasitəsilə çevirə bilərik. Biz nefti maşına tökəndən sonra o bizi lazımi məntəqəyə aparır. "Qara qızıl"ı pul şəklində insanın beyninə tökməklə insan zirvəyə qalxa bilər. Azərbaycanda biz də, təhsilimiz də həmişə metropol tərəfindən idarə olunub. Biz idarəetmənin bir formasını bilirik ki, o da bizi idarəedənlərin icad etdiyi formadır. İkinci idarəetmə formasını görməmişik, bilmirik. Biz yeni idarəetmə metodlarına, üsullarına çıxmalıyıq. Bir var imperialist dövlət bu qaydalarla səni istismar edə, bir də var sənin özün öz xalqını istismarçının metodları ilə istismar edəsən. Bu yaramaz. Ona görə də hökmən liberallaşma, açıq bazar, informasiya açıqlığı tətbiq edilməlidir. Bizi idarə edənlərin metodu ilə biz özümüzü idarə etməməliyik. Yeni idarə metodu isə Avropadadır və biz bunu bilmirik. Yoxsa, dövlət də istəyir ki, düzəltsin və bunun üçün hətta kifayət qədər məbləğdə pul ayırır. Ancaq yeni idarəetmə metodları mənimsənilmədiyinə görə bu prosesdə ləgimə gedir. Çünki necə olursa olsun, hər kəs öz bildiyinə üz tutur. İnsanlar bilmədiyini necə edə bilər. Burada insanların heç bir günahı yoxdur. Xaricdə təhsil almaq yeni idarəetmənin metodunu öyrənmək və tətbiq etməkdir. Xaricdə təhsil alan insanlar çox düzgün addımlar atırlar.
Müstəqil olduğumuzdan çox şeyə fikir verməliyik, onu müəyyənləşdirməliyik. Azərbaycan elə bir ölkədir ki, onu elə-belə sərbəst buraxa bilməzlər, çünki burada neft var. Burada da onların marağı neftdədir.

- İndiki dövrdə təhsil sistemində müəllimlərin məsuliyyəti, tələbkarlığı yoxdur. 11 il şagirdə təhsil vermək, ancaq sonda attestat verməmək və bunda müəlliminin məsuliyyətini bildirməmək nə dərəcədə düzgündür?

- Müəllim məsuliyyət çəkməlidir. Nəinki müəllim məsuliyyət çəkməlidiir, hətta təhsilə cavabdeh olan insanlar cavab verməlidir. TQDK hər il elan etdiyi rəqəmlərdə göstərilir ki, 600, 700, 1000 nəfər abituriyent tez imtahanlarında 0-100 bal toplayır. Həmin şagirdlər hansı məktəbdə oxuyub, attestatı ona kim veribsə, o insanların hamısı günahkardır. Necə olur ki, ayıya velodiped sürməyi öyrətmək olur, ancaq 11 il dövlət pul xərcləsə də şagird yüksək bal toplaya bilmir. Bu il TQDK elan etdi ki, Azərbaycanda orta bal 200-250 bal səviyyəsindədi. 100 min abituriyentin hamısı 100-700 arası bal toplayılb. Əgər hamısı 700 bal toplasaydı, o zaman təhsilimizin səviyyəsi hədsiz dərəcədə yüksək olardı və ideal təhsil sistemi olardı. 250-450 arası bal toplasaydı deyərdik ki, Azərbaycanda təhsil orta vəziyyətdədir. Əgər təhsil sistemi 250-dən aşağı bal göstərirsə, deməli o çox bərbad vəziyyətdədir. Buna səbəblər çoxdur. Bunun ən əsası isə müəllim faktorudur. Müəllim təhsildə obyekt deyil, subyektdir və idarəedəndir. Əgər müəllim hər gün məktəbə 1 və ya 2 saatdan ötəri gedirsə, məktəb onun üçün iş yeri deyil. Müəllim məktəbdə gün ərində olmalı və məktəbin, şagirdlərin dərdini bilməlidir. Lazım gəldikdə isə özü imkanı daxilində məktəbə kömək olmalıdır.

- Sizcə, bu gün Azərbaycan təhsilində pedaqoji mədəniyyət hansı səviyyədədir?

- Pedaqoji mədəniyyət müəllimlə şagird arasında olan münasibətlərin mədəniyyətidir. Bu məktəblə valideynələr arasında olan mədəniyyətlərin vəhdətidir. Əksər təhsil ocaqlarında pedaqoji mədəniyyət ayaqlar altında tapdalanır. Müəllim tələbədən, şagirddən, valideyndən pul istəyir. Təhsildə və məktəbdə pedaqoji mədəniyyət olmasa, orada heç nə olmayacaq və heç bir uğurlu nəticə əldə olunmayacaq. Təhsildə pedaqoji mədəniyyət olduqca vacib məsələdir.

Bütün xəbərlər Facebook səhifəmizdə