Dekabrın 15-dən tibb işçilərinin sertifikasiyadan keçmələri üçün ixtisaslar üzrə test imtahanları başlanır

Səhiyyə Nazirliyi həkimlər və orta tibb işçilərinin sertifikasiyadan keçmək üçün ixtisaslar üzrə test imtahanları keçirir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sertifikasiyaya dair ilkin sınaq test imtahanları dekabr ayının 15, 16 və 17-də təşkil olunacaq. Sertifikasiya prosesinin ilkin sınaq test imtahanı - Anesteziologiya-reanimatologiya, Dermatovenerologiya, Kardiologiya, Mamalıq-ginekologiya, Oftalmologiya, Pediatriya, Terapiya və Ümumi cərrahiyyə ixtisasları üzrə keçiriləcək.

İlkin sınaq test imtahanlarında öz ixtisasına uyğun olaraq könüllü iştirak etmək istəyən tibb işçiləri dekabr ayının 1-dən 10-dək, saat 14.00-17.00-dək 433-08-89, 433-08-87 nömrəli telefonlara zəng vuraraq imtahanda öz iştiraklarını təsdiqlətməlidirlər. İmtahana gələn tibb işçiləri şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi) gətirməlidirlər. Test imtahanları Şərifzadə küç.,196 ünvanında (Səhiyyə Nazirliyinin Elmi-Tibbi Kitabxanasının binası, giriş H.Zərdabi prospektindəndir) keçiriləcək.

İmtahan zamanı tibb işçilərinə 100 test sualı təqdim olunur və onlara cavab vermək üçün 3 saat vaxt ayrılır. İmtahanda hər bir sualın düzgün cavabı "1" balla qiymətləndirilir (cəmi 100 mümkün bal). Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 bala bərabər tutulur. Test imtahanının yekunlarına görə, 60 və daha artıq bal toplamış şəxslər müsahibəyə buraxılır. Test imtahanının nəticələri imtahan keçirilən tarixdən 3 gün müddətində bəyan edilir.

Sertifikasiyadan müvəffəqiyyətlə keçdiyi halda sertifikasiya şəhadətnaməsi verilir və 5 il müddətində ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edilir. Sertifikasiyadan keçməyən şəxslər 6 ay müddətində iş yerləri saxlanılmaqla, müvafiq peşə hazırlığını keçərək, sertifikasiya olunmaq üçün müraciət edə bilərlər.

Qeyd edək ki, sertifikasiyadan keçmək üçün ixtisaslar üzrə test imtahanları ilə bağlı ətraflı məlumatları Səhiyyə Nazirliyinin rəsmi internet saytından (www.sehiyye.gov.az) əldə etmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə