Dekabrın 3-də Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Polşa Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mikal Labenda ilə görüşüb. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Səməd Seyidov Mikal Labendanı Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik etdi. Xalqlarımız arasında səmimi münasibətlərin olduğunu deyən ADU-nun rektoru səfirə diplomatik fəaliyyətində uğurlar arzuladı.
Görüşdə regional və beynəlxalq, həmçinin bir sıra maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparıldı. Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirən Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mikal Labenda əlaqələrin dərinləşməsi istiqamətində çalışacağını vurğuladı.
Rəhbərlik etdiyi təhsil ocağı haqda məlumat verən Səməd Seyidov bildirdi ki, universitetdə bir çox istiqamətlər üzrə müxtəlif ixtisaslar mövcuddur. ADU-da Qafqazşünaslıq ixtisasının açılmasının qonşu ölkələri öyrənmək baxımından böyük əhəmyyət kəsb etdiyini dedi. Səfir Mikal Labenda ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş imkanlar olduğunu vurğuladı. O. həm parlament səviyyəsində, həm də universitetlə gələcək əməkdaşlıq perspektivlərinin olduğunu dedi. Mikal Labenda Polşa universitetlərində Azərbaycan dilinin tədrisinin mümkünlüyündən danışdı. Tələbə-müəllim mübadiləsi haqqında söz açan səfir Polşa universitetlərində həmçinin Azərbaycan dili kafedrasının açılmasının univesitetlərarası əlaqələrə təkan verəcəyini dedi.
Görüşdən sonra səfir Mikal Labenda Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksi ilə tanış oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB