Oqtay Şirəliyev: "Tibb müəssisəsinin gözəl, yaraşıqlı, çoxmərtəbəli olması, yaxud da bir çox avadanlıqla təchiz olunması hələ yetərli deyil"
Səhiyyə Nazirliyində ölkədə fəaliyyət göstərən özəl tibb müəssisələrinin fəaliyyətinə həsr olunmuş geniş iclas keçirilib. SİA-nın xəbərinə görə, iclası açan səhiyyə naziri Oqtay Şirəliyev bu tədbirin təşkil olunmasında əsas səbəb əhaliyə keyfiyyətli tibbi xidmətin təşkili üçün Səhiyyə Nazirliyi olaraq özəl tibb müəssisələrində olan bir sıra problemlərı müzakirə etməkdir.
Səhiyyə naziri öz çıxışında qeyd etdi ki, özəl klinikalar da ölkəyə yad deyil, onların da fəaliyyəti əhalinin, habelə orada çalışan həkimlərin də xeyrinədir. Lakin bütün bunlarla yanaşı dövlətin səhiyyəyə dair qəbul etdiyi bütün qərarlar, əmrlər, protokollar özəl tibb müəssisələrindən yan keçməməlidir, sahibkarın daha çox qazanc əldə etmək arzusuna, müəssisənin maliyyələşmə formasına baxmayaraq qayda-qanun hamı üçündür və bütün tibb müəssisələri qaydalara riayət etməlidir.
O.Şirəliyev özəl sektor subyektlərinin fəaliyyətlərindəki bəzi boşluqlardan da söz açıb. Nazirin sözlərinə görə, sahibkarların iş qurarkən açdığı müəssisədən maksimum xeyr götürməyə çalışması anlaşılan olsa da, səhiyyə sahəsində istənilən qurumun ən azı zərərsiz fəaliyyət göstərməsinə çalışılmalıdır. Nazirin fikrincə, bunun üçün özəl tibb müəssisələrinə ilk növbədə savadlı kadrlar və peşəkar həkimlər cəlb olunmalıdır ki, bu mütəxəssislər istər inzibati və təşkilati məsələlərin, istərsə də tibbi fəaliyyətin öhdəsindən müvəffəqiyyətlə gələ bilsinlər.
"Tibb müəssisəsinin gözəl, yaraşıqlı, çoxmərtəbəli olması, yaxud da bir çox avadanlıqla təchiz olunması hələ yetərli deyil. Tibb sahəsində ən əsas yeri həkim peşəkarlığı tutur" - deyə, nazir fikrini davam etdirib.
Onun sözlərinə görə, bu gün ana olmaq üçün özəl tibb müəssisəsinə gələn gənc qız, yaxud onun körpəsi tələf olmamalıdır. Burnunun çəpər əyriliyini düzəltmək üçün yaxud hər hansı bir əməliyyat üçün özəl klinikaya gələn şəxs ölməməlidir.
O.Şirəliyev dövlət xəstəxanalarında uzun illərin təcrübəsinə malik mütəxəssislərin çalışdığını, ağır vəziyyətdə olanlara təcili yardım göstərmək üçün dövlət xəstəxanalarında aviasiya yardımından tutmuş, hazır qan komponentləri, bütün növ dərman preparatları, körpələr üçün küvezlər və s. vasitələrin olduğunu qeyd etdi.
Çıxışına davam edən nazirin sözlərinə görə, bu gün heç olmasa bu sadalananların nisbi bir hissəsini əldə etməyə qadir olan özəl klinikalar belə bir məsuliyyətli işlə məşğul olmalıdır.
"Heç kimə sirr deyil ki, laborator müayinələr, çox baha başa gələn bir analizlərdir. Lakin bu gün istənilən özəl tibb müəssisəsində bütün növ laborator analizlər aparılır. Yoxlamalar göstərir ki, bir çox hallarda müxtəlif klinikalarda eyni analizlərin tam fərqli nəticələri olur. Bu da bəzi hallarda vaxtı bitmiş reaktivlərdən istifadə ilə bağlıdır. Əgər analiz vaxtı bitmiş reaktivlərlə həyata keçirilərsə, bilirsiniz ki, heç bir effektli müalicədən söz gedə bilməz. Həkim peşəkarlığından danışan nazir bildirmişdi ki, əsas məqsəd tibb müəssisələrində səriştəli həkimlərin çalışmasına nail olmaqdır. Bütün bunlara riayət olunduğu halda uğurlu nəticə əldə etmək olar", nazir deyib.
Bəzi özəl klinikalarda həddindən artıq səliqəsiz, qanunsuz iş qurulduğunu deyən O.Şirəliyev sənədləşmə işində çox böyük qüsurlar olduğunu xüsusi vurğuladı: "Özəl müəssisəyə daxil olan xəstələrin tibbi sənədi açılmır. Yalnız xəstənin ödədiyi pulun miqdarı adi kağızda qeyd olunur. Qaydalara uyğun olaraq, pasiyentin xəstəliyi, bu günə kimi keçirdiyi xəstəliklər, patologiyaları tələb olunan formatda həmin sənəddə əks olunmalıdır. Belə halların təkrarlanmaması üçün nazir əvvəllər olduğu kimi bundan sonra da Səhiyyə Nazirliyinin özəl tibb müəssisələrinə diqqətini daha da artıracaq".
Oqtay Şirəliyev iki yerdə - eyni zamanda həm dövlət, həm də özəl tibb müəssisələrində çalışan həkimlərə dair də öz münasibətini bildirdi. Nazir qeyd etdi ki, belə bir hal ümumi işin xeyrinə olsa belə, bu məsələ də əmək məcəlləsinə uyğun təşkil olunmalıdır. Həkimlər dövlət müəssisəsində iş gününü yalnız tam başa vurduqdan sonra digər işi ilə məşğul olmaq hüququna malikdirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB