Səhiyyə sahəsində Azərbaycan-Türkiyə əlaqələri inkişaf edir

Səhiyyə sahəsində Azərbaycan-Türkiyə əlaqələri inkişaf edir

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanda səfərdə olan, Türkiyənin müxtəlif dövlət qurumlarının təmsilçilərindən ibarət geniş nümayəndə heyətini qəbul edib.

Xatırladaq ki, Türkiyənin dövlət orqanlarını təmsil edən 15 nəfərdən ibarət nümayəndə heyətinin ölkəmizə səfəri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması məqsədi daşıyırdı.

SİA-nın xəbərinə görə, Səhiyyə Nazirliyində keçən görüşdə səhiyyə naziri Oqtay Şirəliyev iki ölkə arasında iqtisadi, ticarət və digər sahələrdə olduğu kimi, sosial sahədə, o cümlədən səhiyyə, tibb elmi və tibb təhsili üzrə də əməkdaşlıq əlaqələrinin nümunəvi olduğunu və bunun müstəsna əhəmiyyətini qeyd edib.

Nazir hər iki ölkədə səhiyyə siyasəti və səhiyyə sistemlərinin təkmilləşdirilməsində, habelə genişmiqyaslı səhiyyə islahatlarının həyata keçməsində səhiyyə sahəsində çalışan dövlət qulluqçularının böyük əməyi olduğunu və bu işin nəhayət dərəcədə məsuliyyət tələb etdiyini vurğulayıb.

Nazir həm də ölkələrimizin rəhbərliyinin dövlət qulluqçularına göstərdiyi diqqət və qayğı haqqında da söz açıb. Ölkə üzrə dövlət qulluğu məsələlərində əldə edilən uğurlardan, bu sahədə şəffaflığın təmin edilməsindən danışıb.

Nazir bu yaxın günlərdə - 24 noyabr 2010-cu il tarixdə Azərbaycanlı zəvvarların Məkkədən həcc ziyarətindən qayıdarkən Sivasda ağır yol qəzasında xəsarət alan soydaşlarımıza nüfuzlu klinikalarda yüksək səviyyəli təcili və təxirəsalınmaz yardımın göstərilməsini, yüksək səviyyəli cərrahi əməliyyatlarının aparılmasını qeyd etdi və Türkiyə Səhiyyə Nazirliyinin məsul əməkdaşlarına və bu işdə əməyi olan bütün işçilərə öz təşəkkürünü bildirib.

Türkiyə nümayəndə heyətinin rəhbəri Əli Gülər qardaş ölkələrimiz arasında əlaqələrin qırılmaz tellərlə bağlı olduğunu qeyd etdi, səhiyyə sahəsində əməkdaşlığımızın bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini söylədi, dövlət qulluğu məsələlərində qarşılıqlı təcrübə mübadiləsinin hər iki tərəf üçün əhəmiyyətli olacağını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə