Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov British Counsilin rəhbəri Paul Klementonu qəbul edib. BDU-nun Mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimovanın SİA-ya verdiyi xəbərə görə, universitet haqqında qonağa ətraflı məlumat verən rektor onu ali təhsil ocağında görməkdən məmnun olduğunu bildirib.
Akademik Abel Məhərrəmov prezident İlham Əliyevin Azərbaycan elmi və təhsilinin Avropa təhsil sisteminə uyğunlaşdırılması istiqamətində gördüyü çoxşaxəli işlərdən danışıb, ölkədaxili təhsil və elm proqramlarının həyata keçirilməsini, azərbaycanlı gənclərin xaricdə təhsilinin təmin edilməsini də həmin prinsiplərin tərkib hissəsi sayıb.
Rektor bütün fakültələrdə ingilisdilli qrupların yaradılmasının nəzərdə tutulduğunu, növbəti tədris ilinin sonundan bu dildən də dövlət imtahanlarının veriləcəyini bildirib.
Qəbul üçün rektora təşəkkür edən Raul Klementon rəhbərlik etdiyi şirkətin ali təhsilin müəyyənləşdirilməsi istiqamətində proqramından, bu proqrama uyğun olaraq əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarından bəhs edib.
Rektorla həmfikir olduğunu, arzu və niyyətlərinin üst-üstə düşdüyünü deyən British Counsilin rəhbəri Azərbaycana Böyük Britaniyanın təhsillə bağlı ən yaxşı tərəflərini gətirmək, təcrübəni bölüşmək niyyətində olduğunu da söyləyib.
Sonda qərara alınıb ki, əməkdaşlıq universitetə ingilis dilinin tədrisi prosesinə metodoloji baxımdan kömək edilməsi və Böyük Britaniya universitetləri ilə əməkdaşlıq konturlarının əldə olunması istiqamətində aparılsın.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB