Bu gün rektor, akademik Abel Məhərrəmov Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Çjan Yannyanı qəbul edib.
BDU-nun Mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimovanın SİA-ya verdiyi xəbərə görə, öncə rektoru deputat seçilməsi münasibətilə təbrik edən səfir BDU-da çalışan Çin müəllimlərinə göstərilən şəraitə, eyni zamanda Çinin Xarici İşlər Nazirliyi üçün yüksək səviyyəli kadrların hazırlanması görə minnətdarlıq edib.
İki ölkə arasında təhsil və elm sahəsindəki vəziyyətə toxunan akademik Abel Məhərrəmov bu günlərdə BDU və Anhoy Universiteti arasında bağlanmış sazişə toxunub. Məlum olub ki, BDU-nun nəzdində yaradılması nəzərdə tutulan Konfutsiya İnstitutunun açılışı gələn ilin aprel ayına təyin edilib. Anhoy Universiteti bu instituta hər il çin dili və mədəniyyəti üzrə yüksək səviyyəli mütəxəssislər göndərəcək, onu dərslik və dərs vəsaitləri, audiovizual materiallarla təmin edəcək. Bundan başqa, Konfutsiya İnstitutunun tələbələri hər il Anhoy Universitetində təcrübə keçəcəklər.
Sazişə əsasən BDU instituta abituriyentlərin qəbul edilməsini, burada keçiriləcək müxtəlif tədbirlərin reklamını, tədris və elmi tədqiqat seminarlarını, konfransları öz üzərinə götürür.
Rektor Abel Məhərrəmov ölkələrarası elm və təhsil sahəsində əlaqələrin daha da inkişafını arzulayıb.
Qeyd edilib ki, BDU bu sahədə, xüsusən təhsil sahəsində çox işlər görür. Lakin tələbə mübadiləsi, o cümlədən BDU və Çin universitetləri arasında əlaqələr lazımı səviyyədə, mövcud potensiala uyğun deyil. Rektor Pekin Universiteti ilə sıx əlaqələr yaratmağın qrant layihələri üzərində birgə işləməyin, tələbə mübadiləsi etməyin gərəkliyindən də danışıb.
Səfir görüşdə çin dilində təhsil alan tələbələrin onunla doğma dilində danışmalarından, BDU-da çin dilinin hazırlıq səviyyəsindən məmnun qalıb. Bildirib ki, diplomatik korpus çin dili və mədəniyyətinin daha geniş yayılması üçün gələn il BDU-da müsabiqə keçirilməsində, qaliblərin isə Çində bir neçə illik təcrübə keçmələrində maraqlıdır.
Səfirin təklifini yüksək qiymətləndirən rektor çin dili üzrə milli kadrların hazırlanması məqsədilə mütəxəssislərin Çindən dəvət edilməsi təcrübəsinə son qoymaq üçün magistraturanın yaradılmasına söz verib.
Qeyd edək ki, diplomatik fəaliyyətə 1975-ci ildən başlayan, Çinin Rusiya, Ermənistan, Ukrayna və Qırğızıstanda səfiri işləyən Çjan Yannyan ölkəsini Azərbaycanda 2009-cu ildən təmsil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB