Abituriyent və valideynlərin imtahan həyəcanı - REPORTAJ - SƏS TV

Abituriyent və valideynlərin imtahan həyəcanı - REPORTAJ - SƏS TV

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib. SİA xəbər verir ki, DİM-dən verilən məlumata görə, imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 61 binada aparılıb.

Dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, bəzi abituriyentlər tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayıblar. Bundan əlavə, imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Biz də Səs TV olaraq 244 nömrəli tam orta məkbəbdə keçirilən imtahan prosesində iştirak edən abituriyentləri valideynlərlə birlikdə gözlədik. Məktəbin önündə olan valideynlərin də abituriyentlər kimi həyəcanlı oluqları görünürdü. İsti hava şəraitinə baxmayaraq onlar imtahan binasının ətrafında öz övladlarının tələbə adını qazanmaq üçün girdikləri sınaqdan hansı nəticələrlə qayıdacaqlarını səbirsizliklə gözləyirdilər. Hətta inadından dönməyərək məktəbin qarşısında dayanan valideynlərdən halı pisləşənlər də oldu. İmtahan binasının qarşısında gözləyən iki təcili tibbi yardım personalı onlara və həyəcanlanan abituriyentlərə dərhal ilk tibbi yardım göstərdilər.

Öncə övladlarını gözləyən valideynlər Səs TV-yə fikirlərini bildirdilər.

İmtahandan erkən çıxan bəzi abituriyentlər danışmaq istəməsələr də, mikrafonumuz önünə keçən çox sayda gəncimiz öz fikirlərini bizimlə bölüşdü.

Qeyd edək ki, imtahanların idarə olunmasına 217 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2585 nəzarətçi-müəllim cəlb olunub.

Məlumat üçün bildirək ki, imtahanda 31904 abituriyentin iştirakı nəzərdə tutulmuşdu. Onlardan 14993 abituriyent II qrup üzrə, 16911 abituriyent III qrup üzrə imtahan verməli idi. 163 abituriyent xarici ölkələrin vətəndaşlarıdır. Ən yaşlı abituriyent 1959-cu ildən, ən gənci isə 2003-cü ildəndir.

Onu da nəzərinizə çatdıraq ki, bu gün imtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in internet saytında və “Facebook” səhifəsində yerləşdiriləcək.

İyulun 27-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 3-4 gün ərzində elan edilməsi nəzərdə tutulur.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə