ADU-da almaniyalı professorla görüş olub

ADU-da almaniyalı professorla görüş olub

Azərbaycan Dillər Universitetində (ADU) Almaniyanın Frayburq Universitetinin professoru Hans Verner-Huneke ilə görüş keçirilib. SİA-nın xəbərinə görə, alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşkilatçılığı ilə keçirilən görüşdə alman dili fakültəsinin dekanı, dosent Ulduz Aslanova, Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, dosent Sevinc Rzayeva və kafedranını professor-müəllim heyəti iştirak edirdi.

Öncə çıxış edən Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, dosent Sevinc Rzayeva kafedra kollektivini qonağa təqdim etdi. O, rəhbərlik etdiyi kafedra və onun fəaliyyəti barədə Almaniyalı professora geniş məlumat verdi. Almaniya universitetləri ilə əlaqələrdən danışan S. Rzayeva Frayburq Universiterti ilə də əməkdaşlıqda maraqlı olduqlarını ifadə etdi.

Almaniyalı professor Hans Verner-Huneke isə çıxışında çalışdığı Fraybur Universiteti və onun fəaliyyətinə toxundu. Almaniyanın Baden-Vurtemberq əyalətində yerləşən Frayburq Universitetinin qədim universitetlərindən biri olduğunu deyən Hans Verner-Huneke bildirdi ki, ali təhsil ocağının əsası 1457 –ci ildə qoyulub. Ilk yarandığı dövrlərdə universitetdə 4 fakültə mövcud idisə, hazırda bunların sayı 11-ə çatıb.

Filologiya fakültəsinin fəaliyyətinə toxunan Frayburq Universitetinin professoru fakültədə müxtəlif dillərin, o, cümlədən ingilis, slavyan, roman dillərinin də tədris olunduğunu görüş iştirakçılarının diqqətinə çatdırdı. Onun sözlərin görə, universitetdə alman dili xarici dil kimi tədris olunur.

Frayburq Universitetinin beynəlxalq əlaqələrindən danışan Hans Verner-Huneke ali təhsil ocağının Amerikanın, eləcə də Avropanın tanınmış universitetləri ilə əməkdaşlıq etdiyini vurğuladı.

Sonra söz alan Alman dilinin leksilologiyası və üslubiyatı kafedrasının dosenti Çərkəz Qurbanlı qarşılıqlı əməkdaşlıq məsələlərindən danışdı. O, müxtəlif mövzuları əhatə edən dissertasiya işlərinin yazılması və hər iki universitetin işlərin müdafiəsi prosesində yaxından iştirakının zərurliyini vurğuladı.

Görüşdə iştirak edən Alman dilinin tərcüməsi kafedrasının əməkdaşı Yusif Savalan isə çıxışında alman dilində yazdığı şeirlərdən parçalar söylədi. Daha sonra Hans Verner-Huneke görüş iştirakşılarını maraqlandıran sualları cavablandırdı. Sonda Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrası adından Frayburq Universitetinin professoruna hədiyyə təqdim olundu.

Bütün xəbərlər Facebook səhifəmizdə