Deputat: "İstək” liseyinin fəaliyyətini dayandırması təsisçinin qərarıdır" MÜNASİBƏT

Deputat: "İstək” liseyinin fəaliyyətini dayandırması təsisçinin qərarıdır" MÜNASİBƏT

“Bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də çox ciddi rəqabət var. Valideynlər bu gün övladlarına keyfiyyətli, müasir tələblərə cavab verən təhsil verməkdə maraqlıdır. Bu baxımdan mümkündür ki, son dövrlərdə “İstək” liseyində işlər kifayət qədər yaxşı qurulmadığına artıq bu lisey rəqabətə davam gətirə bilmir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, liseydə mövcud olan problemlərlə əlaqədar artıq valideynlər övladlarını başqa məktəblərə köçürüblər: “Yəni ilk növbədə, bu məktəb digər məktəblərdən şagird qəbuluna, təhsil səviyyəsinə görə gerilədiyini görərək, bundan sonra fəaliyyətini davam etdirməyə ehtiyac hiss etməyib. Yüksək hazırlıqlı müəllimlərin bu məktəbi tərk etməsi də öz sözünü deyir ”.

A.Mirzəzadənin sözlərinə görə, sözügedən liseyin bazasında yeni məktəb yarana bilər: “Ola bilsin ki, lisey başqa məktəbin tərkibinə də daxil olsun. İstənilən halda, bu gün təhsil sahəsində rəqabət məktəbləri işini daha yaxşı qurmağa, valideynlərin marağını nəzərə almağa məcbur edir”.

Millət vəkili qeyd edib ki, “İstək” liseyinin fəaliyyətini dayandırması, onun təsisçisinin qərarı və müstəsna səlahiyyətidir: “Liseylə bağlı yaranan məsələlərin həllinə Təhsil Nazirliyinin operativ reaksiyası Azərbaycanda dövlət tərəfindən təhsilə, şagird və müəllimlərin maraqları və mənafeyinə diqqət və qayğının prioritet sahələrdən biri olduğunu növbəti dəfə göstərmiş oldu”.

İldən-ilə ölkəmizdə şagirdlərin təhsil səviyyəsi yüksəldiyini vurğulayan A.Mirzəzadə söyləyib ki, hər il ali məktəbə qəbul olunan tələbələrin təhsil səviyyəsində müsbət dəyişiklik özünü göstərməkdədir.

Qeyd edək ki, ötən gün “İstək” liseyinin təsisçisi bu təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı qərarın qəbul edilməsi barədə Təhsil Nazirliyinə müraciət edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə