"İstək" liseyinin fəaliyyətini dayandırması... ŞƏRH

"İstək" liseyinin fəaliyyətini dayandırması... ŞƏRH

Bu qərar adıçəkilən müəssisənin keyfiyyətli təhsil verə bilməməsi ilə bağlıdır

Ölkədə fəaliyyət göstərən bir sıra liseylər və s. bənzər təhsil müəssisələri mövcud olsa da, onların bəziləri şagirdlərə keyfiyyətli təhsil verə bilmək imkanlarını itirirlər. Belə müəssisələrdən biri də "İstək" liseyidir. İlk başdan onu da qeyd etmək yerinə düşərdi ki, "İstək" liseyinin fəaliyyətinin dayandırması qərarı onun təsisçisinin müstəsna səlahiyyətidir. Artıq o da məlum olub ki, yarandığı dövrdən başlayaraq, son zamanlara qədər adıçəkilən təhsil müəssisəsi müəyyən uğurlar əldə edirdisə, hazırda "İstək" liseyinin həmin istiqamətdəki fəaliyyətində bir sıra çatışmazlıqlar, aşağı səviyyəli təhsilin verilməsi müşahidə edilirdi.

İstər şagirdlərin davamiyyətlərindən başlayaraq, valideynlərin haqlı narazılıqları Təhsil Nazirliyinin diqqətindən yayına bilməzdi

Xüsusilə, 2017/2018-ci tədris ilində Bakıda 4, bölgələrdə isə 8 "İstək" liseyi fəaliyyət göstərirdi. Lakin yuxarıda da qeyd edildiyi kimi, bu məktəblər artıq ölkəmizin ən qabaqcıl məktəbləri sırasında yer almırlar. Əgər 3-4 il öncə beynəlxalq fənn olimpiadalarında ölkəmizə medallar gətirən məktəblər sırasında "İstək" liseyi ön sıralarda yer alırdısa, bu gün bu tendensiya rəqabətli təhsil bazarında fəaliyyət göstərən digər məktəblərin xeyrinə dəyişib. Əlbəttə, belə olan halda istər şagirdlərin davamiyyətlərindən başlayaraq, valideynlərin haqlı narazılıqları Təhsil Nazirliyinin diqqətindən yayına bilməzdi.

"Çağ Öyrətim"lə əlaqələr və maliyyə çatışmazlığı "İstək" liseyinə qarşı ictimai inamı itirib

Yeri gəlmişkən, daha bir xatırlatmanı edə bilərik. Məsələn, "İstək" liseyi vaxtilə ölkə təhsilimizə heç bir səmərə verməyən, barəsində arzuedilməz faktlar dolaşan "Çağ Öyrətim" şəbəkəsi ilə müəyyən əlaqələrə malik olub. Məhz bu səbəbdən də, "İstək" liseyinə qarşı olan ictimai inam get-gedə itməyə başlayıb. əldə edilən digər məlumatlara görə isə, adıçəkilən təhsil müəssisəsi kəskin maliyyə sıxıntısı da yaşayıb ki, sonda onun keyfiyyəti də kifayət qədər aşağı düşməyə başlayıb. Bunun səbəblərindən biri kimi yenə də "Çağ Öyrətim" şəbəkəsinin fəaliyyət göstərdiyi dövrdə mövcud olmuş maliyyə mənbələrinin olmaması və daha az məktəbli və valideynin bu məktəblərə üz tutmasındadır. Nəticədə, təmsil olunduğu bazarda autsayderlər sırasına qədər enən "İstək" liseyi cəmiyyətin istəyindən kənarda qalmağa başlayıb.

Təhsil Nazirliyi tərəfindən yaradılan İşçi qrupu qarşıda dayanan bütün vəzifələri həll etmək iqtidarındadır

Yuxarıda da qeyd edildiyi kimi, belə bir halda, Azərbaycanın Təhsil Nazirliyi baş verənlərə biganə qala bilməzdi. "Təhsil millətimizin gələcəyidir" prinsipinə uyğun olaraq, liseyin fəaliyyətini dayandırması ilə bağlı Təhsil Nazirliyi tərəfindən İşçi qrup yaradılıb və Bakı şəhərində yerləşən bəzi ümumi təhsil müəssisələrinin direktorları da həmin İşçi qrupa daxil edilib. Təhsil Nazirliyi rəsmən bəyan edib ki, "İstək" liseyinin şagirdlərinin onların valideynlərinin seçiminə uyğun olaraq istənilən dövlət məktəblərində yerləşdirməyə hazırdır. O cümlədən, "İstək" liseyində çalışan müəllimləri də kifayət qədər hazırlıqlı olduqlarından öz fəaliyyətlərini dövlət və ya digər özəl ümumi təhsil müəssisələrində davam etdirə bilərlər. Qeyd olunur ki, Təhsil Nazirliyi tərəfindən iyul-avqust aylarında keçirilməsi nəzərdə tutulan müəllimlərin işə qəbulu imtahanı sözügedən müəllimlər üçün dövlət məktəblərində çalışmaq baxımdan əlverişli imkan ola bilər. "İstək" liseyinin fəaliyyətini dayandırması ilə bağlı yaranmış məsələlərin həllinə Təhsil Nazirliyinin operativ reaksiyası Azərbaycanda dövlət tərəfindən təhsilə, şagird və müəllimlərin maraqları və mənafeyinə diqqətin və qayğının prioritet sahələrdən biri olduğunu növbəti dəfə nümayiş etdirmiş olub. Bu baxımdan, istər "İstək" liseyində təhsil almış şagirdlər, istərsə də müəllim heyəti tam rahat şəkildə öz gələcəklərini daha münbit təhsil müəssisələrində davam etdirə bilərlər. Belə ki, Təhsil Nazİrliyi də bu faktora qarant dayandığını bəyan edib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə