"Fiziki tərbiyə keçən şagirdlər digər fənlərdə yüksək nəticə əldə edirlər"
Təhsil Nazirliyi, British Council Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və "İnkişaf Naminə İdman" İctimai Birliyinin birgə həyata keçirdiyi TOPs proqramının 4-cü mövsümünün başa çatması ilə əlaqədar mərasim keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, "British Council"ın Azərbaycan üzrə direktoru Elizabet Vayt, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının nümayəndəsi və digər rəsmilər iştirak edib.
Firudin Qurbanov tədbirdə çıxış edərək TOPs layihəsinin məktəblərdə tətbiqinin faydalarından danışıb: "Artıq fiziki tərbiyə dərslərində TOPs metodologiyasının tətbiqinin gətirdiyi inkişafı və yenilikləri hiss edirik. Bu metodikanın tətbiqi ilə keçirilən fiziki tərbiyə dərslərinə şagirdlər daha da həvəslidirlər. Proqramın inklüziv tədrisi də əhatə etməsi çox müsbət haldır. Layihəyə ilk olaraq 3 məktəb qoşulmuşdursa, hazırda 150 məktəb bu layihədən yararlanır. Təxminən 140 mindən çox şagird bu layihədən bəhrələnir. Layihənin həyata keçirilməsi üçün orta məktəblərdə bədən tərbiyəsi dərsi keçən müəllimlərin 1000 nəfərdən çoxu xüsusi təlimlərdən keçiriblər. Aparılan müşahidələr göstərir ki, layihədə iştirak edən şagirdlərin digər fənlər də də yüksək nəticə əldə edirlər. Fiziki hərəkətlər gənclərimizin inkişafına müsbət təsir göstərir".
Nazir müavini söyləyib ki, nazirliyin məqsədi şagirdlərin biliklənməsi ilə yanaşı onların sağlam şəkildə yetişməsidir: "Bu mənada layihənin genişləndirilməsinə, bölgə məktəblərinin də bu layihəyə qoşulmasına çalışacağıq. İlkin olaraq layihəyə Bakı və Sumqayıt məktəbləri qoşulmuşdursa, hazırda 7 rayonu əhatə edən məktəblər layihədən yararlanır. İki qaçqın rayonu da bu layihədən bəhrələnir".
Qeyd olunub ki, layihə çərçivəsində həmin məktəblərin fiziki tərbiyə və ibtidai sinif müəllimləri üçün təlimlər təşkil edilib. Təlimlərin məqsədi fiziki tərbiyə dərslərini tədris edən müəllimlərin peşə bacarıqlarının artırılması və dərslərin tədrisinin keyfiyyətinin yüksəldilməsidir. Təlimlərdə, həmçinin müəllimlərə fiziki tərbiyənin tədrisində müasir təlim üsullarının tətbiq edilməsi üçün milli kurikuluma uyğunlaşdırılmış metodiki tədris kartları da təqdim edilib. Təlimləri uğurla başa vuran 470 müəllimə Sertifikatlar təqdim edilib.
TOPs layihəsinin Azərbaycanda böyük uğurla həyata keçirildiyini qeyd edən "British Council"ın Azərbaycan üzrə direktoru Elizabet Vayt Britaniya təcrübəsinin Azərbaycan məktəbliləri üçün də faydalı olduğunu bidlirib. Elizabet Vayt Azərbaycan müəllimlərinin yeni metodiki biliklərə və bacarıqlara yiyələnməsinə imkanlar yaratdığını diqqətə çatdıraraq tərəfdaşlara təşəkkür edib.
Daha sonra çıxış edən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağızadə bildirib ki, akademiyanın bu layihəyə qoşulmaqda məqsədi fiziki tərbiyə müəllimlərinin praktiki peşə hazırlığına dəstək olmaqdır.
Qeyd edək ki, 2017-2018-ci tədris ilində TOPs layihəsinə 78 ümumtəhsil məktəbi qoşularaq proqramda iştirak edən məktəblərin sayı 150-yə çatdırılıb. Bu məktəblər Bakı və Sumqayıt şəhərlərini, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Qubadlı və Laçın rayonlarını əhatə edir. Proqram ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən müəllimlərin TOPs metodologiyası ilə bilik və bacarıqlarının zənginləşdirilməsi, həmçinin, şagirdlərin sağlamlığının möhkəmləndirilməsi məqsədi ilə həyata keçirilir. Bu metodika fiziki tərbiyədə həm də inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir. Proqramın tətbiqinə ilk dəfə 2014-cü ildə Bakı şəhərinin 3 ümumtəhsil məktəbində pilot layihə kimi start verilib. Bu müddət ərzində ümumilikdə 150 ümumtəhsil məktəblərindən olan 1000 nəfərdən artıq fiziki tərbiyə və ibtidai sinif müəllimi layihə çərçivəsində təlimlərdən keçiblər.
Layihədən yararlanan şagirdlərin sayı isə 140.000 nəfəri ötüb.
Bütün xəbərlər Facebook səhifəmizdə