ADPU-nu bu il 3 min 576 məzun bitirib

ADPU-nu bu il 3 min 576 məzun bitirib

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Məzun günü” keçirilib. SİA xəbər verir ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərov məzunları bu əlamətdar gün münasibətilə təbrik edib, onlara müqəddəs müəllimlik fəaliyyətlərində uğurlar arzulayıb, gənclərin gələcəkdə müstəqil ölkəmizin hərtərəfli inkişafına öz layiqli töhfələrini verəcəklərinə əminliyini ifadə edib.

Rektor bildirib ki, bu il ADPU-nu səkkiz fakültə üzrə əyani təhsilalma forması üzrə 1704 nəfər, yeddi fakültə üzrə qiyabi təhsilalma forması üzrə isə 179 nəfər (cəmi 1883 nəfər) məzun bitirib. Ümumilikdə ADPU-nun beş filialında 664 nəfər təhsil alıb. Builki tədris ilində universitetin magistraturasını 23 ixtisas, 25 ixtisaslaşma üzrə 401 magistr bitirib. ADPU-nun “SABAH” qruplarında iki ixtisas üzrə 27 nəfər oxuyub. Universiteti ali təhsilin bakalavriat səviyyəsi üzrə beş ixtisas üzrə 19 nəfər, magistratura səviyyəsi üzrə isə iki ixtisas üzrə dörd nəfər (cəmi 23 nəfər) əcnəbi tələbə bitirir. ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində isə yeddi ixtisas üzrə əyani təhsilalma forması üzrə 495, qiyabi təhsilalma forması üzrə isə 83 (cəmi 578) məzun olub. ADPU-nu filiallar və kolleclə birlikdə 3 min 576 nəfər məzun bitirib.

Sonra akademik göstəriciləri yüksək olan və sosial fəallığına görə xüsusi fərqlənən məzunlara plaketlər təqdim edilib.

Tədbir məzunların hazırladıqları bədii-musiqili kompozisiya və tanınmış incəsənət ustalarının konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə