Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktoru: “Hazırda Azərbaycanda 10 minə qədər insan vərəm xəstəsidir” - MÖVQE

Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktoru: “Hazırda Azərbaycanda 10 minə qədər insan vərəm xəstəsidir” - MÖVQE
"Dünyada hər il 2 milyon insan vərəm nəticəsində vəfat edir. Hazırda Azərbaycanda isə 10 minə qədər insan vərəm xəstəsidir". SİA-nın xəbərinə görə, bu barədə Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktoru Elcan Məmmədbəyov məlumat verib. O bildirib ki, vərəm yoluxucu xəstəlikdir və bu həm xəstənin özü, həm də onun ətrafında olan insanlar üçün çox təhlükəlidir. Onun sözlərinə görə, ağ ciyər vərəminin əsas əlamətləri 3 həftə və ya daha artıq müddət ərzində öskürək, döş qəfəsində ağrılar, 37C-dən artıq hərarət, zəiflik, arıqlama, gecə tərləmə və qan hayxırmadır: "Ağ ciyər vərəmi elə bir xəstəlikdir ki, onunla hər kəs xəstələnə bilər. Lakin vərəmə yoluxma hələ vərəmlə xəstələnmək deyil. Yoluxanların təxminən 10%-i vərəmlə xəstələnir. Vərəmli xəstə ilə uzun müddət yaxın təmasda olma, zəif qidalanma, uzun sürən sarsıntılar və digər amillər orqanizmin müqavimətini zəiflədir və xəstələnmə ehtimalının artırır. Ağ ciyər vərəminin müalicəsi 2 mərhələdən ibarətdir, intensiv və davamlı. Müalicə intensiv mərhələsi 2 ay müddətindən az olmamaq şərtilə adətən xəstəxana şəraitində aparılmalıdır. Bu dövrdə xəstə bir neçə dərman preparatı qəbul edir və həkimin nəzarəti altında olur. Müalicənin davamlı mərhələsi isə ən azı 4 ay davam edir. Bu mərhələdə qəbul edilən dərmanların sayı, dozası azaldılır, lakin bu zaman da həkim nəzarəti çox vacibdir".

E.Məmmədbəyov qeyd edib ki, xəstəlikdən tam müalicə olunmaq üçün həkimin təyinatlarına ciddi və dəqiq riayət etmək, dərmanları qəbul etmək lazımdır. Onun sözlərinə görə, bundan əlavə, gündə ən azı üç dəfə qidalanmaq, keyfiyyətli qida qəbul etmək, meyvə və tərəvəzlərdən istifadə etmək, alkoqollu içkilər, tütün məhsulları və narkotik vasitələrdən istifadə etməmək, gün ərzində ən azı 8 saat yatmaq, ağır fiziki işlə məşğul olmamaq gərəklidir: "Vərəm əleyhinə dərmanlar ərazi polikinikasının nəzdində yaradılan DOT şöbəsində və ya vərəm dispanserlərində qeydiyyatda olan xəstələrə pulsuz verilir. Vərəmə qarşı dərmanlar apteklərdə satılmır. Dünyanın hər bir yerində olduğu kimi, Azərbaycanda da "Dərmanlara davamlı vərəm" xəstəliyi var. Bu vərəmin ağır formasıdır, ancaq onu "birinci sıra" dərmanlarla müalicə etmək mümkün deyil", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə