Coys Fernandes: “Təhsil sisteminin informasiyalaşdırılması dünyanın müsbət təcrübəsini nəzərə alır”

Coys Fernandes: “Təhsil sisteminin informasiyalaşdırılması dünyanın müsbət təcrübəsini nəzərə alır”

2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı dünyanın ən müsbət təcrübəsini nəzərə alır. SİA-nın xəbərinə görə, bu haqda Microsoft şirkətinin ümumdünya dövlət-özəl alyansı üzrə baş direktoru Coys Fernandes bəyan edib.

"Dövlət proqramı yaxşı düşünülüb və təhsildə informasiya-kommunikasiya texnologiyalarının bütün tətbiqi aspektlərini əhatə edir. Microsoft şirkəti Azərbaycanda təhsilin informasiylaşdırılması sahəsində həyata keçirilən bütün layihələrdə fəal iştirak edir. Microsoft müəllimlərin ixtisaslarının artırılması sahəsində özünün tədris metodikaları və proqramları ilə dəstək göstərir. Şirkət həmçinin innovativ müəllimlər müsabiqələri vasitəsilə Təhsil Nazirliyinə müəllimlərin İKT alətlərdən istifadəsi üçün motivasiya prosesində yardım edir. Lokal müsabiqələrin qalibləri Microsoft-un "İnnovativ Təhsil Forum"u təşəbbüsü çərçivəsində bütün dünyadan olan həmkarlarılə görüşmək imkanını əldə edir", Coy Fernandes qeyd edib.

"Azərbaycan hökumətinin leqal proqram təminatının istifadəsi məsələsinə yanaşması sevindiricidir. Belə ki, Təhsil Nazirliyi Məktəb Razılaşması (School Agreement) çərçivəsində məktəblərdəki bütün kompüterləri Microsoft-un leqal proqramlarının son versiyalarılə təmin edib. Həmçinin Təhsil Nazirliyi və Microsoft "Academic Student Select" razılaşmasını imzalayıblar. Həmin razılaşma çərçivəsində Azərbaycanın bütün şagird və tələbələri xüsusi qiymətlərlə Microsoft proqramlarının son versiyalarını ala bilərlər. Sözügedən razılaşmalar sayəsində 2009-cu ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və HP şirkətinin dəstəyilə müəllimlər üçün nəzərdə tutulan "Xalq Kompüteri" layihəsinə start verilib. 2010-cu ildə layihənin yeni mərhələsinə - "Hər ailə üçün Xalq Kompüteri" – qədəm qoyulub. Bu günə kimi bu genişmiqyaslı layihə çərçivəsində 10 minə yaxın Azərbaycan vətəndaşı kompüter alıb. Microsoft həmçinin Azərbaycanın bütün müəllim, şagird və tələbələrinə "Live@Edu" servislərinin təqdim edilməsi məqsədilə Təhsil Nazirliyi ilə razılaşma əldə etmişdir", Microsoft-un nümayəndəsi belə deyib.

"Azərbaycan hökumətinin bütün bu işləri rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramı ("Elektron Azərbaycan") çərçivəsində elektron hökumət servislərinin tətbiqi üzrə dövlət təşəbbüslərinə töhfə verir. Regionun lider ölkəsi olan və dinamik şəkildə inkişaf edən iqtisadiyyata malik olan Azərbaycana tam səmimiyyətlə müvəffəqiyyətlər arzu edirəm", deyə Microsoft şirkətinin ümumdünya dövlət-özəl alyansı üzrə baş direktoru Coys Fernandes öz nitqini yekunlaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə