Dünya şöhrətli dilçi alim Hampri Tonkin ADU-da olub

Dünya şöhrətli dilçi alim Hampri Tonkin ADU-da olub

Noyabrın 23-də ADU-nun rektoru, professor Səməd Seyidov İngiltərənin Hartford Universitetinin fəxri prezidenti, dünya şöhrətli, görkəmli dilçi alim, professor Hampri Tonkinlə görüşüb. Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın SİA-ya verdiyi məlumata görə, rektor Səməd Seyidov ADU-da 25-27 noyabrda "Mədəniyyətlərarsı dialoq: Linqvistik pedaqoji və ədəbi aspektlər" mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün Bakıya gələn Hampri Tonkinin bu beynəlxalq konfransa olan marağını yüksək qiymətləndirdi.

Universitetin beynəlxalq əlaqələrinə toxunan ADU-nun rektoru rəhbərlik etdiyi təhsil ocağında tədris olunan dillər haqqında qonağa məlumat verdi. Dillərin mədəniyyətlərarası əlaqələrin genişlənməsində mühüm əhəmiyyətini vurğulayan S.Seyidov universitetdə mövcud olan Tərcümə və Filologiya fakültəsinin əsas istiqamətləri barədə də danışdı. Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin fəaliyyətindən söz açdı.

Professor Hampri Tonkin Qərb dəyərlərinin implementasiya olunaraq milli-mənəvi dəyərlərin birləşməsi baxımından Azərbaycanın yerini yüksək dəyərləndirdi. O, bu konfransın məhz fəlsəfi-sosioloji aspektlərə söykənərək mədəniyyətlərarası dialoqda mühüm rol oynadığını vurğuladı. Hartford Universitetinin fəxri prezidenti belə konfransların keçirilməsinin dünyanın müxtəlif dil daşıyıcıları arasında əlaqələrin qurulmasında vacib rol oynadığını bildirdi. O, böyük məmnuniyyətlə üç günlük konfransa qatılacağını bildirdi. Azərbaycanlı dilçi alimlərlə geniş elmi maraqlı diskussiyaların aparılacağına və gələcək əməkdaşlığa əminliyini ifadə etdi.

Xatırladaq ki, H.Tonkin Hartford Universitetinin fəxri prezidenti və humanitar elmlər üzrə Universitet professorudur. Hampri Tonkin bir çox mükafatlara layiq görülüb. 1999-cu ildə Hartford universitetinin Fəxri Doktoru adına layiq görülüb.

Qeyd edək ki, bu gün saat 14:00-da H.Tonkin Azərbaycan Dillər Universitetinin(ADU) Heydər Əliyev adına muzey-lektoriyasında Azərbaycanın tanınmış dilçi alimləri ilə görüş keçirəcəkdir. Görüşə Bakı Dövlət Universiteti (BDU), Bakı Slavyan Universiteti (BSU), Nəsimi adına Dilçilik İnstitutu və Nizami adına Ədəbiyyat İnstitutundan görkəmli, tanınmış azərbaycanlı dilçi alimlər qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə