Paytaxtda “Təhsil və Texnologiya vasitəsilə iqtisadi inkişaf” beynəlxalq təhsil konfransı keçirilib - YENİLƏNİB

Paytaxtda “Təhsil və Texnologiya vasitəsilə iqtisadi inkişaf” beynəlxalq təhsil konfransı keçirilib - YENİLƏNİB
Bu gün Təhsil Nazirliyi tərəfindən Gülüstan sarayında "Təhsil və Texnologiya vasitəsilə iqtisadi inkişaf" beynəlxalq təhsil konfransı keçirilib. SİA-nın məlumatına görə, beynəlxalq konfrans Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunub. Eyni zamanda, konfransın keçirilməsində Təhsil Nazirliyi YUNESKO təşkilatı və "Microsoft" şirkəti yaxından əməkdaşlıq edib.

Konfransda Prezident Administrasiyasının şöbə müdiri Fatma Abdullazadə, təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, YUNESKO-nun İKT üzrə regional əlaqələndiricisi Tarek Şauki, Macarıstan Respublikasının sabiq təhsil naziri Balint Magyar, "Microsoft" şirkətinin ümumdünya dövlət-özəl alyansı üzrə baş direktoru Coys Fernandes, "İntel" Korporasiyasının idarəedici direktoru Brayan Qonsales, Edinburq Universitetinin professoru Çarlz Anderson və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov bildirib ki, ölkədə 2005-ci ildən etibarən Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət proqramı icra olunur. O vurğulayıb ki, bundan əlavə, nazirlik tərəfindən İKT sahəsini əhatə edən 30-a yaxın pilot layihə, həmçinin dövlət proqramları həyata keçirilir. Onun sözlərinə görə, Azərbaycanda təhsil sistemi ölkənin ümumi internet istehlakçılarının 10%-ni təşkil edir ki, bu rəqəmi qənaətbəxş hesab etmək olar.

"Son illər ərzində 55 680 müəllim heyəti, 7 800 inzibati heyət, 1200 texniki heyət isə İKT treninqlərə cəlb olunub. Bu ilin sonunadək isə ümumrespublika üzrə 64 680 müəllim (38%) İKT üzrə təlimlərdən keçəcək. Gələcəkdə isə biz bu rəqəmi 114 minə çatdırmaq niyyətindəyik ki, nəticədə müəllimlərin 67%-i təlimlərdə iştirak edəcək. Növbəti illərdə müəllimlərin çoxpilləli treninqlərdən keçirilməsi nəzərdə tutulur. Son illərdə 2000 şagirdə netbuk verilib. Azərbaycan şagirdlərinin 1 milyon 700 min olduğunu nəzərə alsaq, bu rəqəm hələ ki azdır. Bundan əlavə, hazırda icra olunan "Xalq kompüteri" layihəsindən 9000-dən artıq müəllim yararlanaraq kompüterə sahib olub. Bizim məqsədimiz isə gələcəkdə bir şagirdi bir kompüterlə təmin etməkdir. Hazırda Azərbaycanda 29 şagirdə bir kompüter düşür. Bu o qədər də yaxşı rəqəm deyil və lazımi istiqamətdə işlərin davam etdirilməsi zəruridir. "Artıq 30 məktəbdə "Elektron məktəb" layihəsi icra edilir. Hazırda Azərbaycanın orta məktəblərində 160 minə yaxın müəllim çalışır, indiyədək 55680 müəllimin informasiya texnologiyaları üzrə bacarığının artırılmasına nail olunub. Gələcəkdə orta məktəblərdə informatika fənni üzrə dərs saatları artırılacaq. Son illər ölkədə "İlin müəllimi" müsabiqəsi nəticəsində 18 informatika müəllimi qalib seçilib", - deyə o əlavə edib.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə isə Azərbaycanda son illərdə informasiya texnologiyaları üzrə 30 faizlik artımın müşahidə edildiyini vurğulayıb. O bəyan edib ki, Azərbaycanda bütün dövlət proqramlarında, xüsusilə təhsil sektoruna aid olan proqramlarda informasiya-kommunikasiya texnologiyalarından istifadəyə yer verilib. Nazir müavininin sözlərinə görə, hazırda Azərbaycanda hər 100 nəfərdən 95-i mobil telefon, 45-i internet, 12-si geniş zolaqlı rabitə xidmətinin istifadəçisidir. O əlavə edib ki, son beş ildə əhali arasında kompüterdən istifadə göstəricisi təxminən 5 faiz artıb, ancaq bu da hələki qaneedici deyil.
Konfransın davamında YUNESKO-nun İKT üzrə regional əlaqələndiricisi Tarek Şauki, Macarıstan Respublikasının sabiq təhsil naziri Balint Magyar, "Microsoft" şirkətinin ümumdünya dövlət-özəl alyansı üzrə baş direktoru Coys Fernandes, İntel Korporasiyasının idarəedici direktoru Brayan Qonsales, Edinburq Universitetinin professoru Çarlz Anderson müxtəlif mövzulu məruzələrlə çıxış ediblər.

Qeyd edək ki, Təhsil Konfransı iki əsas hissədən ibarət olub. Birinci hissədə mütəxəssislər tərəfindən Bakının iki qabaqcıl məktəbində və bir ali təhsil müəssisəsində "Milli İKT və Təhsil Strategiyasının işlənib hazırlanması", "Bir şagird-bir kompüter strategiyası, öyrənənlər və müəllimlər üçün təcrübə" və "Ali təhsildə E-tədris" mövzuları üzrə seminarlar keçiblər. Konfransın ikinci hissəsində bölgə ölkələri üçün Təhsil Strategiyasında İKT-nin rolu haqqında regional konfrans keçirilib və təhsil ilə milli iqtisadi strategiya arasında əlaqələr işıqlandırılıb. Konfransın məqsədi yeni müstəqil dövlətlərin təhsil liderlərini bir araya gətirməkdir. Tədbir iştirakçılar arasında təhsil sahəsində əldə olunmuş və texnologiya tərəfindən dəstəklənən bilik və təcrübələrin mübadiləsini, o cümlədən dünya təhsil liderlərinin strategiya, siyasət və praktikasına dair təkliflərini özündə cəmləşdirəcək.

Nəzərinizə çatdırırıq ki, "Təhsil və Texnologiya vasitəsilə İqtisadi İnkişaf" Təhsil Konfransı 23 noyabr tarixində açılacaq "BakuTel" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı ilə bir ərəfədə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə