ADU-da TEMPUS proqramı üzrə “Koordinasiya görüşü” keçirilib

ADU-da TEMPUS proqramı üzrə “Koordinasiya görüşü” keçirilib

Noyabrın 22-də Azərbaycan Dillər Universitetinin (ADU) Heydər Əliyev adına muzey-lektoriyasında "Azərbaycanda Şifahi və Yazılı Tərcümənin Tədrisi Sahəsində İslahatlar" adlı layihə çərçivəsində "Koordinasiya görüşü" keçirilib.

ADU-nun İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın SİA-ya verdiyi məlumata görə, görüşə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, Keyfiyyətin Təminatı Mərkəzinin rəhbəri Aytən Mirzəyeva, Tərcümə fakültəsinin dekanı Vilayət Hacıyev və Milan, Haccətəpə, Esseks, Strasburq universitetlərinin professorları qatılıb.

Prorektor J.Qəribova üç gün davam edəcək "Koordinasiya görüşü"ndə layihənin idarə olunması ilə əlaqədar bir sıra məsələlərin müzakirəsi, universitet nümayəndələri arasında müxtəlif administrativ bölgülər və digər əhəmiyyətli məsələləri iştirakçıların diqqətinə çatdırıb.

Tərcümə fakültəsinin dekanı V. Hacıyev fakültənin bir neçə müəllimi ilə Haccətəpə və Strasburq universitetlərinə səfər etdiklərindən və orada tətbiq olunan tədris proqramı (syllabus), Haccətəpə universiteti ilə Strasburq universiteti arasında mövcud əlaqələr haqqında geniş məlumat aldıqları barədə söhbət açıb.

Qeyd edək ki, Azərbaycan universitetlərinin bir çoxu əvvəlki dövrlərdə TEMPUS proqramında iştirak ediblər, həmçinin Azərbaycan Dillər Universiteti də 2005 və 2006-cı illərdə TEMPUS layihələrinin iştirakçısı olub. Adıçəkilən bu layihədə isə Azərbaycandan olan universitet - Azərbaycan Dillər Universiteti sadəcə partnyor – iştirakçı deyil, layihənin rəhbəri (koordinatoru) kimi çıxış edəcəkdir. Öz-özlüyündə bu, Azərbaycanın təhsil idarəçiliyində zəngin beynəlxalq təcrübə əldə edilməsinə, islahatların daha da inkişaf etdirilməsinə və Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasına təkan verəcəkdir. Bütövlükdə layihədən 230-dan artıq tələbə, 350-dək professor - müəllim heyəti və 30-dək inzibati heyət yararlana biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə