TTM növbəti elektron sınaq imtahanları keçirəcək

TTM növbəti elektron sınaq imtahanları keçirəcək

İyunun 9-da Bakıda Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi (TTM) tərəfindən müəllimlərin işə qəbulu imtahanına hazırlaşanlar üçün növbəti sınaq imtahanları keçiriləcək.

İnstitutdan bildiriblər ki, elektron formatda və real imtahan prosesinə uyğun olaraq keçiriləcək sınaq imtahanları 40-ı ixtisas, 10-u məntiq, 10-u tədris metodikası və təlim strategiyalarına dair ümumilikdə 60 sualdan ibarət olacaq. İmtahanın müddəti 90 dəqiqə nəzərdə tutulub.

İkinci sınaq imtahanı Azərbaycan bölməsi üzrə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, ingilis dili, tarix, fizika və kimya, rus bölməsi üzrə isə ibtidai sinif, riyaziyyat, ingilis dili, tarix, fizika və kimya fənlərindən olacaq.

Real imtahan şəraitini hiss etmək istəyən və müəllim olmağa namizəd şəxslər sınaq imtahanına qatılmaq üçün www.ttm.edu.az saytında qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçdikdən sonra imtahana buraxılış vərəqəsini çap edərək şəxsiyyət vəsiqəsi ilə birlikdə imtahana gətirməlidirlər. Bundan başqa, sınaq imtahanı yekunlaşan zaman nəticələri dərhal öyrənmək mümkün olacaq, həmçinin səhvlərə baxmaq üçün əlavə vaxt da ayrılacaq.

Qeyd edək ki, sınaq imtahanlarının müəllimlərin işə qəbulu imtahanınadək mütəmadi keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə