Dərs ilinin bitməsinə az müddət qalır. Lakin bu, dərs ilinin problemlərin bitməsi demək deyil. Şagirdlərin ağır dərs ilindən sonra 3 ay tətil etməsi belə bəzən onların sağlamlığının bərpası üçün yetərli olmur. Bu gün orta məktəb siniflərinə daxil olduqda, uşaqların çoxunun gözündə eynək, onurğa sütununda problemlərin olduğunu görməzdən gəlmək mümkün deyil. Valideynlərin əksəriyyəti uşaqlara verilən dərs yükünün çox, əlavə kitablardan istifadəyə görə çantanın ağır olmasından şikayətlənərək, sadalananların nəticə etibarı balacaların sağlamlığına mənfi təsir göstərdiyini bildirirlər. Həkimlərimiz də bunu etiraf edirlər. Məlumatlara görə, hazırda məktəblilər arasında görmə problemləri - ibtidai (I-IV) siniflərdə 29% - orta (V-IX) siniflərdə 25% - yuxarı (X-XI) siniflərdə 45% təşkil edir. Ekspertlər də həyəcan təbili çalaraq bu problemlərin yaranmasında dərs yükünün ağırlığının da rolunun olduğunu bildirirlər.
“Dərs yükünün artıq olması uşaqları istismar etməklə yanaşı, onun sağlamlığına ziyan vurmuş olur”
Təhsil üzrə ekspert Əjdər Ağayev mövzu ilə bağlı açıqlamasında bildirib ki, hazırda pedaqoji tələb belədir: “Müəllim dərs zamanı müxtəlif metodlardan istifadə edərək, uşaqlara həm bilik verməli, həm bacarıqları formalaşdırmalı, həm də onların müstəqil fikirlərini inkişaf etdirməlidir. Bunların hamısı dərs müddətində olmalıdır. Ya da, hər bir fənn üçün müəllim evə bir və ya iki tapşırıq verə bilər. Artıq vermək olmaz”.
Ekspertin sözlərinə görə, hansı müəllim evə artıq tapşırıq verirsə, o uşaqları istismar etməklə yanaşı, onun sağlamlığına ziyan vurmuş olur: 
“Əgər uşaqlar məktəbdən sonra da gedib evdə yalnız dərslə məşğul olursa, o zaman bu, həm uşağın sağlamlığına mənfi təsir göstərir, həm də özünü inkişaf etdirməsinə, düşüncəsini formalaşmasına, əylənməsinə vaxtı qalmır. Bəzi ölkələrin təhsil sistemində evdə tapşırıq verilmir. Çünki çoxlu ev tapşırıqları onun dərsdən gəlib bayırda yaşıdları ilə oynamasına, sosial inkişafına, dərsə olan marağına mane olur. Ümumiyyətlə, bu problemin kökündə çoxsaylı amillər var ki, onlardan da biri ibtidai siniflərdə tədris olunan fənlərin sayının artmasıdır. Elə fənlər var ki, onların tədrisinin ibtidai siniflərdə ehtiyac yoxdur”.
Bəzi dərsliklərin çox aşağı səviyyədə, qəliz dildə yazıldığını qeyd edən Ə.Ağayev söyləyib ki, şagirdlərin hansı əziyyət çəkdiyini təsəvvür etmək elə də çətin deyil: “Bütün bunlar azmış kimi, müəllimlər şagirdləri ev tapşırıqları ilə də yükləyirlər. İllər öncə məktəbə optik eynəkdə gələn uşaqları sayı barmaq sayı qədər idisə, hazırda indi eynək taxan azyaşlıların, eləcə də qamət pozğunluğu olan uşaqların sayı kifayət qədərdir. Dərs yükünün çox olması uşaqlarda eyni zamanda aqresiya, nevroloji xəstəliklərə də səbəb olur. Çox təəssüf ki, müəllimlər metodikanı yaxşı bilmirlər. Kurikulumun təlim metodologiyasında ümumiyyətlə, evə tapşırıq vermək yoxdur. Əslində, onların evə verdiyi tapşırıqlar, elə sinifdəcə, müəllimin izahı ilə yerinə yetirilməlidir. Çox təəssüf ki, adına müəllim deyən, amma sözün əsl mənasında müəllim adına layiq olmayanlar şagirdləri kiçik yaşlarından onların fiziki baxımdan gücləri çatmadığı işə sövq edirlər. Uşaq dərs oxumalıdır. Amma bütün günü yox. Uşaq istirahət də etməlidir, öz həmyaşıdları ilə oynamalıdır da, maraq göstərdiyi digər qabiliyyətlərə də yiyələnməlidir”.
“Uşağın məktəb çantalarının ağırlığı onun çəkisinin on faizinə bərabər olmalıdır”
Səhiyyə Nazirliyinin Baş pediatr Nəsib Quliyev bildirib ki, uşaqların yaşayış tərzi nə qədər pozulursa, yuxarıda sadalanan problemlərin bir o qədər artımının şahidi oluruq.
Onun sözlərinə görə, uşaqlar sağlam şəkildə qidalanmalı, onlara diqqət qayğı göstərilməli, uzun müddətdən təbiətdən kənarda qapalı şəraitdə yaşamamalıdırlar.
Baş pediatr qeyd edib ki, məktəblərdə uşaqların oturuşuna, eləcə də onların dərs yükünə xüsusi diqqət yetirilməlidir: “Bəzən məktəblərdə bədən tərbiyəsi fənni keçirilmir. Uşaqlar bu dərsdən məhrum olmamalıdırlar”.
“Uşağın məktəb çantalarının ağırlığı onun çəkisinin on faizinə bərabər olmalıdır. Boş çantanın çəkisi isə 1 kq-dan artıq olmamalıdır. Beləliklə, əgər uşağın çəkisi, misal üçün, 25 kq-dırsa, uşağın məktəb çantasının çəkisi 2,5 kq-dan artıq olmamalıdır. Çantanın ağır olması qamət pozuntularına səbəb olur ki, bu da zahiri görünüşdə yaranan dəyişikliklərlə yanaşı, daxili orqanların da zədələnməsi ilə nəticələnir”,- deyə N. Quliyev deyib.
Mütəxəssisin fikrincə, yeniyetmə yaşına qədər uşaqların həyat tərzi daha sərbəst olmalıdır: “Belə yaşlı uşaqlarda orqanizm tam formalaşmadığından onların həyat tərzi uşağa aid olmalıdır. Ümumiyyətlə, uşaqların azadlığını, onların haqqına ziyan gətirmək olmaz”.
Son dövrlərdə eynəkli və onurğa sütununda problemi olan uşaqlarının sayının artmasının bir neçə səbəbləri var: “Uşaqların yaşına görə qidalanması da vacib şərtlərdən biridir. Yaşına görə qidalanmadıqda uşaqlarda bir sıra problemlərə səbəb olur. Digər səbəb balacaların texniki avadanlıqlardan çox istifadə etmələridir. Bu məsələnin həllində həm müəllim, həm valideyn, həm də həkimlər birgə çalışmalıdırlar. Lakin təəssüf ki, cəmiyyətin elə qanunları var ki, bəzən biz vətəndaş olaraq onlara təsir edə bilmirik”.
“Müəllimlər təhsil metodikasını düzgün anlamadıqları üçün yükü uşaqların üzərinə atmağa çalışırlar”
Dərs yükünün çox olmasının uşaqların psixologiyasına təsirindən danışan Azərbaycan Psixologiya və Psixoterapeya Assosiasiyasının layihə rəhbəri, psixoloq Nurlana İsmayılova söyləyib ki, əslində dərs yükü ağır olmur, sadəcə dərs yükünü düzgün çatdırmayan müəllimlər var.
Onun sözlərinə görə, hazırkı dövrdə uşaqların hər biri intellektual cəhətdən yüksək səviyyədə inkişaf etmiş olduğundan onlar dərsləri yeni metodlar, son texnologiyaya uyğun şəkildə öyrənməyi sevirlər: “Əgər təhsil verən müəllim, pedaqoq dərsi uşağın tələbatına, marağına uyğun formalaşdıra bilmirsə, o zaman bu, uşaqlar üçün ağır dərs yükünə bərabər olur. Hər bir insanın beyninin tutumu var. Bugünkü uşaqlar daha çox praktik cəhətdən öyrənməyi sevirlər. Lakin bizdə köhnə metodika ilə dərs keçən, uşaqlara əzbərçiliyi öyrədən müəllim var ki, onların verdiyi təhsil bilikyönümlü olduğu üçün bu uşaqları yorur. Amma müəllimlərin verdiyi təhsil inkişafyönümlü, uşaqlarına marağı ilə üst-üstə düşdükdə o zaman şagirdlər dərsə daha maraqla yanaşırlar”.
Psixoloq söyləyib ki, hər bir uşağın özünün inkişaf tempi var: “Məktəbəqədər yaş dövründə bütün uşaqlar üçün aparıcı fəaliyyət növü onların müxtəlif oyunlar oynaması olur. Oyun onlar üçün dünyanı dərk etmə, yeni bacarıqlar əldə etmək vasitəsidir. Buna görə də məktəbə yeni gedən uşaqlara müəllimlər tərəfindən güzəştlər edilməlidir. Bu, uşaqların təlim yaşına tam hazır olduğu dövrə qədər davam etməlidir. Uşaqların təlim fəaliyyətinə tam şəkildə hazır olması müxtəlif ola bilir. Müəllimlər hər bir uşağın inkişaf səviyyəsini nəzərə almalıdır”.
N.İsmayılova qeyd edib ki, bəzi müəllimlər təhsil metodikasını düzgün anlamadıqları üçün uşaqlara da yanlış tətbiq edərək yükü onların üzərinə atmağa çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB