Məktəblilər üçün muzey həftəsi keçirilib

Məktəblilər üçün muzey həftəsi keçirilib
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən artıq üçüncü ildir ki, məktəblilər üçün muzey həftəsi təşkil edilir. SİA-nın məlumatına görə, 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi ilə əlaqədar "Muzeylər və Azərbaycan Demokratik Respublikası - 100 il" məktəblilər üçün Bakı şəhəri üzrə 12-18 may 2018-ci il tarixlərində muzey həftəsi və Respublika bölgələri üzrə 18-28 may 2018-ci il tarixlərində muzey ongünlüyü keçirilib. Məktəblilər Azərbaycan Xalq Cümhuriyyətinin şərqdə ilk Demokratik Respublika kimi tarixi əhəmiyyəti, ölkəmizin dövlət müstəqilliyi, mədəniyyəti, müxtəlif millətlər üçün bərabər hüquqların təmin olunması, təhsilin, mədəniyyətin inkişafı haqqında biliklərini genişləndirərək müstəqillik yolunda tarixi nailiyyətlərlə tanış olublar. Muzeylərə ekskursiyadan öncə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən dərnəklərin məşğələləri bu əlamətdar tarixə həsr olunaraq, "Azərbaycan Demokratik Respublikası - 100 il" mövzusunda təqdimatlar nümayiş etdirilib.
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə