TQDK rəsmisi: “Rezidenturaya qəbula dair ilkin layihə hazırlanıb, qəbul qaydaları isə 2011-ci ildə elan olunacaq”

TQDK rəsmisi: “Rezidenturaya qəbula dair ilkin layihə hazırlanıb, qəbul qaydaları isə 2011-ci ildə elan olunacaq”
"Nazirlər Kabinetinin müvafiq qərarına əsasən rezidenturaya qəbul imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılacaq. Bununla bağlı komissiyada ilkin hazırlıq işləri həyata keçirilir". Bu barədə SİA-ya açıqlamasında TQDK-nın mətbuat katibi Elnur Nağızadə məlumat verib. O bildirib ki, hazırlıq işləri çərçivəsində həm Tibb Universiteti, həm də Səhiyyə Nazirliyinin rəhbərliyi ilə görüşlər təşkil olunub. Onun sözlərinə görə, bu günlərdə TQDK rəhbərliyinin iştirakı ilə Tibb Universitetinin professor, müəllim heyəti ilə görüş olub və burada rezidenturaya qəbul qaydalarının, proqramlarının hazırlanması üzərində işlərə başlanması və bu işlərin hansı yönümdə aparılmasına dair geniş müzakirə aparılıb.

"Artıq rezidenturaya qəbula dair ilkin layihə hazırlanıb, qəbul qaydaları isə 2011-ci ildə elan olunacaq. Qəbul proqramlarının hazırlanması üzərində isə işlər həyata keçirilir və bunun 2011-ci ilin əvvəllərində hazır olacağı nəzərdə tutulur. Hazırda komissiyada bu istiqamətdə işlər aparılır. Eyni zamanda, TQDK rezidenturaya qəbulla bağlı beynəlxalq təcrübəni, xarici ölkələrdə rezidenturaya qəbul formaları, qəbul proqramlarının məzmununu öyrənir. Bütövlükdə bu kompleks tədbirlər həyata keçirilir və proses tam yekunlaşdıqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə