Abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqlarına dair tövsiyələr “Abituriyent” jurnalında dərc ediləcək

Abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqlarına dair tövsiyələr “Abituriyent” jurnalında dərc ediləcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) riyaziyyat fənni üzrə elmi-metodiki seminar keçirilib. SİA-nın xəbərinə görə, seminar iclasında 2010-cu ildə ali məktəblərə I ixtisas qrupu üzrə qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının (A variantı, 29-40 saylı test tapşırıqları ) statistik göstəricilər əsasında elmi-metodiki baxımdan müzakirə olunub.

İclasda Bakı və Sumqayıt şəhərlərindən olan orta və ali məktəb müəllimləri, metodistlər və AMEA-nın əməkdaşları ilə bərabər, TQDK-nın Naxçıvan,Gəncə, Lənkəran və Şəki regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimləri də eyni vaxtda bu iclasda iştirak edib və onlayn sistemində internet vasitəsilə videobağlantı əsasında test tapşırıqları barədə fikir bildirib və təkliflərini veriblər. Masallı və Cəlilabad rayonlarının orta məktəb müəllimləri də internet vasitəsilə videobağlantıya qoşulublar.
Test tapşırıqlarının hər biri mürəkkəblik dərəcəsinə, relevantlıq kateqoriyasına görə və məzmun baxımından təhlil edilib. Təhlil göstərib ki, test tapşırıqları aid olduqları mövzular üzrə abituriyentlərin müxtəlif çətinlik səviyyələrinə görə əsas bilik, bacarıq və vərdişlərini aşkara çıxarmağa imkan verib.

Abituriyentlərin əksəriyyəti funksiyalar və qrafiklər, həndəsənin əsas anlayışları, cəbri kəsrlər, kvadrat kök, birdəyişənli tənliklər, dördbucaqlılar, kompleks ədədlər, çoxhədlilərin vuruqlara ayrılmasına aid test tapşırıqlarına yaxşı, fiqurların sahəsi, fəzada düz xəttlər və müstəvilər, bərabərsizliklər, triqonometrik funksiyalara, inteqrala aid tapşırıqlara isə zəif cavab veriblər.

Müzakirələr nəticəsində abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqlarına dair metodiki tövsiyə hazırlanması və tövsiyənin "Abituriyent" jurnalının ikinci sayında dərc edilməsi qərara alınıb. Növbəti seminar iclasında A variantının müzakirəsi davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə