Uşaqlar tətil günlərini necə keçirməlidirlər? MÜTƏXƏSSİS RƏYİ

Uşaqlar tətil günlərini necə keçirməlidirlər? MÜTƏXƏSSİS RƏYİ

Sabahdan Azərbaycanın ümumtəhsil məktəblərində ibtidai siniflər üçün tətil başlayır. Tətil günləri bütün məktəblilər, amma ən əsası ilə balacaların sevincinə səbəb olur. Belə ki, ibtidai siniflər üçün dərs günləri daha ağır olduqları üçün ölkəmizdə onlar üçün may ayında əlavə 5 günlük tətil müəyyənləşdirilib. Təbii ki, tətil günlərinin səmərəli keçirilməsi üçün valideynlərin rolu böyükdür. Uşaqlar tətil günlərində nə etməli və bu günləri necə keçirməlidirlər? Məsələ ilə bağlı SİA-ya açıqlama verən Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova bildirib ki, tətil günləri uşaqlara psixologiyalarının müəyyən müddətə qədər dincəlməsi üçün ayrılır.

Onun sözlərinə görə, tətil günlərində uşaqlar gündəlik etdiklərindən uzaqlaşmalıdırlar: “Əgər uşaqlar dərs günlərində məktəbə getmək üçün tez oyanmaq məcburiyyətində qalırsa, tətil günlərində bunun etməyə bilərlər. Tətil günlərində ən çox məsuliyyət valideynlərin üzərinə düşür. Onlar uşaqların tətil günlərində yetərincə istirahətini təşkil etməyə çalışmalıdırlar. Təbii ki tətil günlərində dərsə də vaxt ayrılmalıdır. Amma bu 1 saatdan artıq olmaya bilər. Tətil müddətində valideynlər uşaqların daha rahat, azad, sərbəst hərəkət etmələri üçün şərait yaratmalıdırlar”.

Psixoloq vurğulayıb ki, tətil müddətində uşaqların təmiz havada daha çox olması məsləhət görüləndir: “Havaların isti keçməsindən istifadə edərək hazırki günlərdə yaxşı olardı ki, uşaqlar daha çox açıq havada olub, müxtəlif gəzintilərdə iştirak etsinlər. Hətta bu günlər ərzində hər hansı bir idman növü ilə də məşğul olmaq olar. Misal üçün üzgüçülük, gimnastika uşaqlarda qan dövranının yaxşılaşdırılmasına xidmət edir. Uşaqların tətil günlərində bu idman növləri ilə məşğul olması, onların özlərini daha yaxşı hiss etməsi, dərslərinin tez qavranmasına müsbət təsiri ola bilər”.

“Tətilin maraqlı və səmərəli təşkili uşaqların dərs günlərinə daha enerjili olmasına kömək edir. Valideynlərin tətil günlərində psixoloji hazır olması əsas şərtlərdəndir. Uşaqlar tətil günlərində normal olaraq 8 saat yatmalı, düzgün qidalanmalı, daha çox ünsiyyətdə olmalıdırlar. Bir sözlər, maraqlı, əyləncəli tətil keçirən, dincələn uşaqlar dərs günlərinə həvəslə hazırlaşırlar”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə