Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin musiqi sənəti üzrə qabiliyyət imtahanlarının proqramlarına düzəlişlər edilib

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin musiqi sənəti üzrə qabiliyyət imtahanlarının proqramlarına düzəlişlər edilib
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2011/2012-ci tədris ili üçün tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına hazırlıq işləri çərçivəsində Musiqi sənəti istiqamətli xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elmi-metodiki seminar keçirilib.

Tədbir tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə qabiliyyət imtahanlarının və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə seçmə turun təşkili, keçirilməsi metodikasını təkmilləşdirmək, bu sahədə mövcud olan proqram və qiymətləndirmə meyarlarını müzakirə etmək məqsədilə keçirilib. İclasda TQDK-nın Qabiliyyət imtahanları üzrə sektorunun müdiri E. Hüseynova, bu sektorun əməkdaşları, bu istiqamət üzrə mütəxəssis hazırlığı aparılan Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin, Bakı Humanitar Kollecinin, Şuşa Musiqi Kollecinin, Şuşa Humanitar Kollecinin, Sumqayıt Musiqi Kollecinin, Bakı Sosial Pedaqoji Kollecinin nümayəndələri və Bül-Bül adına orta ixtisas musiqi məktəbinin müəllimləri iştirak ediblər. Eyni zamanda, elmi-metodiki seminarın gedişində TQDK-nın Gəncə, Şəki, Lənkəran şəhərlərindəki regional bölmələri ilə canlı bağlantı yaradılıb, bu istiqamət üzrə Gəncə Humanitar Kollecinin, Gəncə Musiqi Kollecinin, Şəki Musiqi Kollecinin, Şəki Pedaqoji Kollecinin, Lənkəran Dövlət Humanitar Kollecinin, Astara Pedaqoji Kollecinin dəvət edilmiş ekspertlərinin rəy və təklifləri dinlənilib.

Seminarda tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin musiqi sənəti istiqamətli bütün ixtisasları üzrə qabiliyyət imtahanlarının proqramlarına və hər bir alət üçün ifa ediləcək təxmini repertuara yenidən baxılıb, onlara bəzi redaktə xarakterli düzəlişlər edilərək ümumi şəkildə qəbul edilib. Bu proqramların "Musiqi sənəti" tədris-metodiki vəsaiti üçün çapa hazırlanması qərara alınıb. Həmçinin ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin musiqi sənəti istiqamətli bütün ixtisasları üzrə yeni modelə uyğun seçmə tur proqramları müzakirə edilib, bu müzakirələrin noyabrın 12-də keçiriləcək növbəti seminarda davam etdirilməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə