ADU-nun 445 tələbəsi pedaqoji təcrübəni başa vurub

ADU-nun 445 tələbəsi pedaqoji təcrübəni başa vurub
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) 1 və 2 saylı İngilis dili, Alman və Fransız dili fakültələrinin IV kurs tələbələrinin pedaqoji təcrübəsinin yekunlarına həsr olunmuş konfrans keçirilib. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, konfransda ADU-nun Tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov, 1 saylı İngilis dili fakültəsinin dekanı, professor Əfqan Abdullayev, 2 saylı İngilis dili fakültəsinin dekanı, dosent Vəfa Bənnayeva, Alman dili fakültəsinin dekanı, dosent Ulduz Aslanova, eləcə də pedaqoji təcrübədən qayıdan tələbələr iştirak edib.

Konfransda çıxış edən ADU-nun Tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov pedaqoji təcrübənin tələbələrin gələcək karyeralarında vacib rol oynadığını, bilik və bacarıqlarının üzə çıxarılmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib. İndiyədək həyata keçirilən pedaqoji təcrübələrin uğurlu başa çatdığını vurğulayan prorektor bu təcrübənin də yüksək səviyyədə həyata keçirildiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb. O, əldə olunan uğurlarda əməyi olan pedaqoji təcrübə rəhbərlərinə, eləcə də təcrübədə iştirak edən tələbələrə ADU-nun rektoru, professor Səməd Seyidovun təşəkkürlərini çatdırıb.
1 saylı İngilis dili fakültəsinin dekanı, professor Əfqan Abdullayev isə çıxışında bildirib ki, pedaqoji təcrübənin uğurla keçməsi ADU-da tətbiq olunan təhsil modelinin effektiv nəticəsindən xəbər verir. ADU-nun Pedaqogika kafedrasının müdiri, professor Nurəddin Kazımov Milli Pedaqogikada tətbiq olunan yeniliklərdən söz açdı. O, tələbələrin nailiyyət əldə etməsində Milli Pedaqogikanın əsas prinsiplərinin vacib rol oynadığını bildirib.

Sonda çıxış edən ADU-nun Pedaqoji təcrübə rəhbəri Bəxtiyar Həmzəyev təcrübənin yekunları ilə bağlı hesabatını təqdim edib. O, 44 saylı orta ümumtəhsil məktəbində təcrübə keçən 409-cu qrup tələbələrinin məktəb müdiriyyəti tərəfindən Tərifnamə ilə təltif edildiyini vurğulayıb. B.Həmzəyev qiymət cədvəllərinin hazır olduğunu və fakültələrə verildiyini deyib. Rəhbərlik etdiyi pedaqoji təcrübənin yüksək səviyyədə keçdiyini bildirən Bəxtiyar Həmzəyev bu uğurun qazanılmasında rolu olan pedaqoqlara öz minnətdarlığını bildirib.

Qeyd edək ki, 2010-2011-ci il tədris ilində ADU-nun 447 tələbəsi Bakının 37 məktəbində pedaqoji təcrübə keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə