Təhsil naziri bədən tərbiyəsi və idman sahəsi üzrə respublika müsabiqəsinin keçirilməsi haqqında əmr verib

Təhsil naziri bədən tərbiyəsi və idman sahəsi üzrə respublika müsabiqəsinin keçirilməsi haqqında əmr verib
Təhsil naziri Misir Mərdanov bədən tərbiyəsi və idman sahəsi üzrə respublika müsabiqəsinin keçirilməsi haqqında əmr verib. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, bu müsabiqə prezidentin bədən tərbiyəsi və idman sahəsi ilə bağlı sərəncam və fərmanlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi vəziyyətini, fiziki tərbiyə və idman sahəsində qabaqcıl pedaqoji təcrübəni öyrənmək, təhsil sistemində idman və fiziki tərbiyə işini daha da yaxşılaşdırmaq, bu sahədə çalışan istedadlı idmançıları, məşqçi-müəllimləri aşkar etmək, onları rəğbətləndirmək məqsədilə keçirilir.

Əmrdə qeyd olunur ki, respublika müsabiqəsi 2010-cu təqvim ilinin yekunlarına əsasən uşaq-gənclər idman və şahmat məktəbləri, idmançı və məşqçi-müəllimlər arasında aşağıdakı nominasiyalar üzrə təşkil olunsun:
- ilin ən yaxşı ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi;
- ilin ən yaxşı ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər şahmat məktəbi;
- şəhərlər üzrə ilin ən yaxşı uşaq-gənclər idman məktəbi;
- şəhərlər üzrə ilin ən yaxşı uşaq-gənclər şahmat məktəbi;
- kənd rayonları üzrə ilin ən yaxşı uşaq-gənclər idman məktəbi;
- kənd rayonları üzrə ilin ən yaxşı uşaq-gənclər şahmat məktəbi;
- oğlanlar arasında ilin ən yaxşı idmançısı;
- qızlar arasında ilin ən yaxşı idmançısı;
- oğlanlar arasında ilin ən yaxşı şahmatçısı;
- qızlar arasında ilin ən yaxşı şahmatçısı;
- idman məktəbləri üzrə ilin ən yaxşı məşqçi-müəllimi;
- şahmat məktəbləri üzrə ilin ən yaxşı məşqçi-müəllimi.

Əmrdə bildirilib ki, müsabiqənin respublika mərhələsinə 2010-cu ilin dekabr ayında yekun vurulsun, Naxçıvan MR Təhsil Nazirliyi, rayon, şəhər təhsil şöbələri, idarələri bu əmrdən irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı müvafiq tədbirlər görsünlər, respublika müsabiqəsinə təqdim ediləcək idmançı, məşqçi-müəllim və məktəblər haqqında məlumatları 10 dekabra qədər nazirliyin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinə təqdim etsinlər, tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi (A.İbrahimov) müsabiqənin yüksək səviyyədə təşkili üçün təşkilati işlər görsün və yerli təhsil şöbələrinə köməklik göstərsin.

Bundan əlavə, İqtisadiyyat şöbəsinə (Ş.Əliyev) tapşırılıb ki, müsabiqə qaliblərinin mükafatlandırılması və diplomların hazırlanması üçün 1932 (min doqquz yüz otuz iki) manat vəsait ayrılmasını təmin etsin, ümumi şöbə (H.Məhərrəmova) isə müsabiqə qalibləri üçün hədiyyələrin alınmasını, diplomların hazırlanmasını və bu əmrin çoxaldılaraq təhsil şöbələrinə göndərilməsini təmin etsin.

Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə