Keçən tədris ilinin qabiliyyət imtahanlarının nəticələri müzakirə edilib

Keçən tədris ilinin qabiliyyət imtahanlarının nəticələri müzakirə edilib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlıq işləri çərçivəsində xüsusi qabiliyyət tələb edən ixtisasların musiqi sənəti istiqaməti üzrə seminar keçirilib. TQDK-dan SİA-ya verilən xəbərə görə, iclas ali təhsil müəssisələrinə musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarının təşkili və keçirilməsi metodikasını təkmilləşdirmək, bu sahədə mövcud olan proqram və qiymətləndirmə meyarları barədə müzakirələr aparmaq məqsədilə təşkil olunub.

Tədbirdə TQDK-nın Qabiliyyət imtahanları üzrə sektorunun müdiri E. Hüseynova, sektorun əməkdaşları, bu istiqamət üzrə mütəxəssis hazırlığı aparılan, Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professor-müəllim heyətinin nümayəndələri iştirak ediblər. Seminarda keçən tədris ilinin qabiliyyət imtahanlarının nəticələri müzakirə edilib, BMA-nın "instrumental ifaçılıq", "dirijorluq", "solo oxuma", AMK və ADMİU-nun, "xalq çalğı alətləri ifaçılığı" və "solo oxuma" ixtisasları üzrə keçirilən qabiliyyət imtahanlarının proqramlarına yenidən baxılıb və bir sıra təkliflər irəli sürülüb.

Müzakirələrdən sonra təkliflərin ətraflı işlənməsi və tədris-metodiki vəsaitə əlavə edilməsi məqsədi ilə göstərilən ixtisaslar üzrə işçi qruplar yaradılıb. Bu təkliflərin işlənərək yaxın günlərdə yazılı surətdə təhvil verilməsi qərara alınıb.

Bu istiqamət üzrə növbəti elmi-metodiki seminar noyabrın 11-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə