Qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının statistik göstəriciləri müzakirə olunub

Qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının statistik göstəriciləri müzakirə olunub
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) xarici dil (ingilis dili, alman dili, fransız dili) fənləri üzrə elmi-metodiki seminar keçirilib. TQDK-dan SİA-ya verilən xəbərə görə, iclasda 2010-cu ildə ali məktəblərə II ixtisas qrupu üzrə qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının (A və C variantları) statistik göstəricilər əsasında elmi-metodiki baxımdan müzakirə olunub.

İclaslarda Bakı və Sumqayıt şəhərlərindən olan orta və ali məktəb müəllimləri, metodistlərlə bərabər, TQDK-nın Naxçıvan,Gəncə, Lənkəran, Şəki və Quba regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimləri də eyni vaxtda bu iclaslarda iştirak edib, onlayn sistemində internet vasitəsilə videobağlantı əsasında test tapşırıqları haqqında fikir bildirib və təkliflərini veriblər. Cəlilabad və Masallı rayonlarının təhsil işçiləri və Ağstafa rayon Texniki-humanitar liseyin müəllimləri də onlayn sistemində internet vasitəsilə videobağlantıya qoşulublar.

Müzakirələr göstərib ki, leksika sahəsində bilikləri yoxlayan və məntiqi düşüncəyə əsaslanmağı tələb edən test tapşırıqlarına abituriyentlərin əksəriyyəti aşağı nəticə göstəriblər. Belə test tapşırıqlarına cavab verməkdən imtina edənlərin sayı da çox olub. İmtina faizinin çox olması ötən illərdə qeyd edildiyi kimi, abituriyentlərin söz ehtiyatının zəifliyindən, onların leksik vahidlərin işlənmə xüsusiyyətlərini və müxtəlif məna çalarlarını yetərincə mənimsəyə bilmədiklərindən irəli gəlir.

Seminar iclasında abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqlarına dair metodiki tövsiyə hazırlanması və tövsiyənin "Abituriyent" jurnalının ikinci sayında dərc edilməsi qərara alınıb. Növbəti seminar iclasında 2010-cu ildə ali məktəblərə II ixtisas qrupu üzrə qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının (B və D variantları) statistik göstəricilər əsasında elmi-metodiki baxımdan müzakirəsiınin davamı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə