Ali məktəblərə III və IV ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanları üçün riyaziyyat fənnindən qəbul proqramı qəbul edilib

Ali məktəblərə III və IV ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanları üçün riyaziyyat fənnindən qəbul proqramı qəbul edilib
Tələbə Qəbulu üzrə Dövlət Komisisyasında (TQDK) riyaziyyat fənni üzrə elmi-metodiki seminar keçirilib. TQDK-dan SİA-ya verilən xəbərə görə, iclasda 2011-cu ildə ali məktəblərə III və IV ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanları üçün riyaziyyat fənnindən qəbul proqramı müzakirə olunub.

İclasda Bakı və Sumqayıt şəhərlərindən olan orta və ali məktəb müəllimləri, metodistlər və AMEA-nın əməkdaşları ilə bərabər, TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki və Quba regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimləri də eyni vaxtda bu iclasda iştirak etmiş və onlayn sistemində internet vasitəsilə videobağlantı əsasında qəbul proqramı haqqında fikir bildirmiş və təkliflərini veriblər. Masallı, Cəlilabad rayonlarının təhsil işçiləri və Ağstafa rayon Texniki-humanitar liseyində digər orta məktəblərin müəllimləri də internet vasitəsilə videobağlantıya qoşulublar.

Müzakirələr nəticəsində qəbul proqramında müəyyən dəqiqləşmələr və redaktə xarakterli düzəlişlər edilib. Seminar iclasında söylənilmiş təkliflər nəzərə alınmaqla, 2011-cu ildə ali məktəblərə III və IV ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanları üçün riyaziyyat fənnindən qəbul proqramı qəbul edilib. Qəbul proqramının tam mətni "Abituriyent" jurnalının birinci sayında dərc ediləcək.

Növbəti seminar iclasında 2010-cu ildə ali məktəblərə I ixtisas qrupu üzrə qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının (A və C variantları) statistik göstəricilər əsasında elmi-metodiki baxımdan müzakirəsi aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə