“Azərkimya” ADNA məzunlarını işə qəbul edib

“Azərkimya” ADNA məzunlarını işə qəbul edib
Son illər Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) ehtiyac duyulan ixtisaslar üzrə gənc mühəndis kadrlarının hazırlanması məqsədi ilə geniş proqram həyata keçirilir, ölkənin ali məktəb məzunlarının təcrübədə yoxlanılması və müvafiq işlə təmin olunması prosesi sürətlə davam etdirilir. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "Azərikimya"nın İstehsalat Birliyi qismində ARDNŞ-ə birləşdirilməsi burada da həmin prosesə güclü təkan verib. İstehsalata daha çox istedadlı və işgüzar gəncləri cəlb etməyi vacib sayan "Azərikimya" İB-nin rəhbərliyi hələ iyun ayının əvvəllərində – məzunların diplom müdafiəsi ərəfəsində ADNA-nın rəhbərliyi ilə görüş keçirib, istedadlı gənclərin seçilərək kimya müəssisələrində iki aylıq təcrübə keçməsi, sınaq müddəti başa çatdıqdan sonra isə işlə təmin olunmaları haqda razılıq əldə edilib.

"Azərikimya" İB-nin mütəxəssislərinin iştirak etdiyi diplom müdafiəsindən sonra Akademiyanın kimya proseslərinin avtomatlaşdırılması və kimya texnologiyası fakültələrinin məzunları Nəcəf Səfərli və Tariyel Ramazanov Etilen-polietilen zavodunda təcrübəli kimyacıların rəhbərliyi və nəzarəti altında iki aylıq sınaq müddətinə işə götürülübdülər. Məzunlar sınaq dövrü ərzində neft-kimya istehsalatı üzrə nəzəri biliklərini praktik təcrübədə daha da genişləndirib, kollektivin etimadını qazanıblar. Bunu nəzərə alan Birlik rəhbərliyi Nəcəf Səfərlinin buxar-generator istehsalatına, Tariyel Ramazanovun qazayırma sexinə mühəndis vəzifəsinə qəbul olunmasına qərar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə