“Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildi çapdan çıxıb

“Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildi çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun baş redaktorluğu ilə “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildi çapdan çıxıb.

AMEA-dan verilən məlumata görə, ikicildliyin birinci – fiziki coğrafiya cildində zəngin təbii şəraitə və ehtiyatlara malik olan muxtar respublika ərazisinin fiziki coğrafiyasının müxtəlif sahələrini əhatə edən ən son elmi tədqiqatların nəticələrinə dair məlumatlar verilib. Fundamental əsərdə Naxçıvan ərazisinin oroqrafiyası, geoloji quruluşu, geomorfologiyası, iqlimi, daxili suları, torpaq və bitki örtüyü, heyvanlar aləmi və landşaftları araşdırılmaqla, fiziki-coğrafi rayonlaşdırma vahidləri ayrılıb və onlar geniş şərh edilib.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının fiziki coğrafiyasına aid kompleks məsələləri hərtərəfli işıqlandıran bu monoqrafik əsər dövlət təşkilatlarının mütəxəssisləri, elmi işçilər, ali məktəblərin müəllimləri, bakalavrlar, magistrlər, doktorantlar və geniş oxucu kütləsi üçün əvəzedilməz mənbə ola bilər. Kitabın elmi redaktorları AMEA-nın müxbir üzvü, mərhum Elbrus Əlizadə və akademik İsmayıl Hacıyevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə