Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elmi-metodiki seminar iclasi keçirilib

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elmi-metodiki seminar iclasi keçirilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011/2012-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına hazırlıq işləri çərçivəsində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə turların, qabiliyyət imtahanlarının təşkili və keçirilməsi metodikasını təkmilləşdirmək məqsədi ilə elmi-metodiki seminarlar təşkil edir.

SİA-nın məlumatına görə, oktyabrın 26-da seminarların ilk təşkilati iclası keçirilib. Tədbirdə TQDK-nın rəhbərliyi, ekspertləri və mütəxəssisləri, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılan təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. İclasda internet vasitəsilə TQDK-nın Naxçıvan və Gəncə regional bölmələri ilə videobağlantı qurulmuş və adı çəkilən zonalardan olan mütəxəssislər də müzakirələrə qoşulublar.

TQDK sədri Məleykə Abbaszadə seminarı giriş sözü ilə açaraq növbəti tədris ilində keçiriləcək qəbul imtahanlarına hazırlıqla bağlı Komissiya tərəfindən geniş miqyaslı işlərin aparıldığını nəzərə çatdırıb. Sədr cari ildə keçirilmiş imtahan prosesinə cəlb olunmuş ekspertlərin, ayrı-ayrı mütəxəssislərin, müşahidəçilərin hesabatlarının, rəy və təkliflərinin təhlil edildiyini, ənənəvi elmi-statistik araşdırmalar aparıldığını qeyd edib.

M.Abbaszadə qabiliyyət tələb edən ixtisaslar üzrə aşağı müsabiqə şəraitinin yaranması, nəticədə həmin ixtisaslara ümumi bilik və intellektual səviyyəsi zəif olan abituriyentlərin qəbul olmasını xatırladaraq bunun səbəblərinə toxunub.

Daha sonra tədbirdə TQDK-nın Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri T.Bədəlov, tədbirdə iştirak edən müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinin nümayəndələri çıxışlar etmiş, qabiliyyət imtahanlarının keçirilməsi və qiymətləndirmə meyarları ilə bağlı təkliflərini irəli sürüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə