UNEC-də doktorantura təhsilində elmi rəhbərlik

UNEC-də doktorantura təhsilində elmi rəhbərlik

Fransanın Montpellier Universitetinin nümayəndələri Avropa İttifaqının “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil tələblərinə uyğun yenidən qurulması və inkişafı – “Nizami” layihəsi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olublar.

UNEC-dən bildirilib ki, səfər çərçivəsində Montpellier Universitetinin prorektoru, professor Francois Henn müəllimlərlə görüşüb. Fransalı qonaq bu universitetlə əməkdaşlığı yüksək dəyərləndirib. UNEC ilə Montpellier Universiteti arasında ikili diplom razılaşmasının əhəmiyyətindən danışan F.Henn proqramın uğurla davam etdiyini bildirib. Qeyd olunub ki, hazırda ikili diplom proqramında 17 tələbə iştirak edir.

Qonaq Avropada doktorantura təhsilinin yaradılması və təşkili qaydalarından danışıb, maliyyə mənbələrini açıqlayıb. Elmi rəhbərin müəyyənləşdirilməsindən söz açan professor seçim zamanı önəm verilməsi vacib olan şərtləri diqqətə çatdırıb, doktorant ilə rəhbər arasında müqavilənin imzalanmasının əhəmiyyətini qeyd edib. Doktorantların elmi fəaliyyətinin ölkənin inkişafına yönəlməli olduğuna söyləyən F.Henn onların apardıqları elmi tədqiqatların keyfiyyətinin təmsil etdikləri ali təhsil müəssisəsinin reytinqində mühüm rol oynadığını bildirib.

Azərbaycan və Avropanın doktorantura təhsili ilə bağlı müqayisəli təhlillər aparılan görüşdə mövcud vəziyyət müzakirə olunub, bu sahənin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə