Fənn olimpiadalarının I mərhələsi fevralın 4-də keçiriləcək BRİFİNQ
Bu gün Təhsil Nazirliyində məktəblilərin Respublika fənn olimpiadalarının birinci mərhələsinin başlanılması ilə bağlı brifinq keçirilib. SİA-nın xəbərinə görə, brifinqdə ilk çıxış edən nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov olimpiadanın birinci – rayon (şəhər) mərhələsinə fevralın 4-də start veriləcəyi barədə məlumat verib. Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev bildirilib ki, istedadlı uşaqların aşkar edilməsi, şagirdlərin fənlərə olan marağının artırılması, onların həmyaşıdları ilə birgə öz bilik və bacarıqlarını nümayiş etdirmələri baxımından böyük rolu olan Respublika fənn olimpiadaları iştirakçılarının sayı ildən-ilə çoxalır. Onun sözlərinə görə, bu il Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla 8 fənn üzrə 33 112 şagirdin iştirakı ilə əlaqədar yerlərdən müraciətlər daxil olub:" Bütün fənlər üzrə artım dinamikası var. Xüsusilə elmi fənlər üzrə bu dinamika daha üstünlük təşkil edir". Azərbaycanın beynəlxalq olimpiadalarda nəticələrinin ildən- ilə artdığını deyən şöbə müdiri söyləyib ki, ötən il kimya fənnindən qızıl medal almağınız uğurlu nəticə idi:"Rəqəmlərlə baxsaq dünya ölkələri arasında olimpiadalarda 100-dən artıq ölkə iştirak etmir. Lakin ölkəmiz bu ölkələr arasında 20-liyə düşə bilib. Sovet ölkələri sırasında isə ölkəmiz yalnız Rusiyadan geri qalırıq. Təbii ki beynəlxalq olimpiadalarda uğur qazanmağımızda Respublika fənn olimpiadalarının rolu böyükdür. Bütün olimpiada qalibləri ali məktəbə qəbulda 500-dən artıq bal toplayıblar. Ümumilikdə isə olimpiada qaliblərinin 90 faizi qəbul imtahanlarında 600 bal yığanlardır". E. Əmrullayev əlavə edib ki, ölkəmizdə aşağı sinif şagirdləri üçün də olimpiadalar həyata keçirilir ki, bu olimpiadaların uğurlu nəticələrini yaxın gələcəkdə görmək mümkün olacaq. Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdir Fuad Qarayev söyləyib ki, ilkin mərhələdə Bakı şəhərindən 6326 şagird, Naxçıvan MR-dan isə 652 şagird iştirak edəcək: Olimpiadaya ən çox şagird - 7387 nəfər Azərbaycan dili və ədəbiyyat fənnindən, 7311 nəfər riyaziyyat fənnindən, ən az şagird isə 721 şagird olmaqla informatika fənnindən qatılacaq. Olimpiadada 12 022 nəfər 9-cu sinif şagirdi iştirak edəcək ki, onların arasında xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdləri də var. İştirakçılardan 11 195 nəfər 10-cu, 9895 nəfər isə 11-ci sinif şagirdləridir. Şagirdlərdən 31 326 nəfəri Azərbaycan, 1786 nəfər isə rus bölməsində təhsil alır". Şöbə müdiri qeyd edib ki, üç mərhələdən ibarət olacaq olimpiadanın may ayında keçiriləcək final mərhələsinə hər fəndən ən yaxşı 60 şagird iştirak edəcək:"Final mərhələsində iştirak edən şagirdlərin hər birinə olimpiadanın "İştirakçı" sertifikatı təqdim ediləcək. Qaliblər I,II və III dərəcəli diplomlar, müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla təltif olunacaqlar. Hər bir fəndən qaliblər arasından "Birincilərin birincisi" nominasiyasına görə də şagirdlər mükafatlandırılacaq". O əlavə edib ki, beynəlxalq olimpiadalarda yüksək nəticə əldə edən 4 tələbə imtahan vermədən Azərbaycan ali məktəblərində bakalavr təhsili aldıqdan sonra magistr pilləsinə xaricdə davam etdiriblər. Şöbı müdiri həmçinin bildirib ki, fənn olimpiadalarının nəticələri hər fənn üzrə 5 mütəxəssis olmaqla ümumilikdə 40 nəfərlik nümayəndə heyəti tərəfindən yoxlanılır: " Onlar orta məktəb müəllimləri deyil, ali məktəblərdə fəaliyyət göstərən professor-müəllimlərdir". Məlumat üçün nəzərinizə çatdıraq ki, ötən il respublika fənn olimpiadalarının birinci-rayon (şəhər) mərhələsində 30 000 nəfərə yaxın şagird iştirak edib. Olimpiadada 8 fənn üzrə 263 qalib müəyyən edilib. 48 nəfər şagird qızıl, 85 nəfər gümüş, 130 nəfər isə bürünc medala layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB