Vakant dövlət qulluğu vəzifəsini tutmaq istəyənlər test imtahanı verib

Vakant dövlət qulluğu vəzifəsini tutmaq istəyənlər test imtahanı verib

1 Sentyabr 2010-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 5 dövlət orqanı üzrə 32 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün təşkil olunan müsabiqənin test imtahanı mərhələsi 2010-cu il 11 – 19 Oktyabr tarixlərdə keçirilib.

SİA-nın məlumatına görə, test imtahanı Komissiyanın "Test imtahanı mərkəzində" baş tutub. Müsabiqənin test imtahanı mərhələsi zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılıb:

1. dünyagörüşü-dünyanın, əsasən də Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri sahəsində - 15 test tapşırığı;

2. qanunvericilik sahəsində - 40 test tapşırığı;

3. informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı;

4. məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı.

Namizədlərin imtahana daha yaxşı hazırlaşması üçün Komissiyanın tərtib etdiyi test imtahanı proqramları və metodiki vəsait Komissiyanın rəsmi internet (www.dqmk.gov.az ) saytında yerləşdirilib.

Müsabiqədə iştirak etmək üçün Komissiyada 143-ü (22.66%) qadın, 488-i (77.34%) kişi olmaqla 631 namizəd qeydə alınıb. Onlardan 167 nəfəri (bütün namizədlərin 26.47%-i) qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurub.

Test mərhələsini uğurla başa vuran namizədlərdən - 38 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb;

- 12 nəfəri 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb;

- 117 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələrə iddia etsə də bu vəzifələr üzrə keçid balını toplamamış, lakin 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb.

Namizədlərdən 80 nəfəri test imtahanında iştirak etməyib. Bunlardan 46 nəfəri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və 27 nəfəri Sənaye və Energetika Nazirliyi üzrə qeydə alınmış namizədlərdir. Test imtahanının nəticələri test imtahanı başa çatdıqdan dərhal sonra namizədlərin nəzərinə çatdırılıb. Eyni zamanda nəticələr Komissiyasının rəsmi internet saytında da yerləşdirilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti üzrə qeydə alınmış 5 namizəddən heç biri test imtahanından keçə bilməyib. Test imtahanında uğur əldə edən namizədlərlə müsahibələr yaxın günlərdə başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə