25 min müəllim təhsildə İKT-nin tətbiqi üzrə treninqlərdə iştirak edəcək

25 min müəllim təhsildə İKT-nin tətbiqi üzrə treninqlərdə iştirak edəcək

"2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması Dövlət proqramı" çərçivəsində 2010-cu ildə ümumtəhsil məktəblərinin 25 min müəllimi təhsildə İKT-nin tətbiqi üzrə treninqlərdə iştirak edəcəkdir. SİA-nın məlumatına görə, Dövlət proqramı çərçivəsində treninqlərdə 43 mindən artıq pedoqoji işçi iştirak edib. Ümumiyyətlə, Azərbaycanda təhsil sektorunda çalışan 170 min müəllimin hamısının Dövlət Proqramı çərçivəsində İKT-nin tədrisdə tətbiqi üzrə treninqlərdə iştirakı gözlənilir.

Təhsil sisteminin pedaqoji heyətinə tədris prosesində İKT-dən effektiv istifadə edilməsi üçün mövcud kurrikulumlar - Rİ-SOL "Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi", İntel "Gələcək üçün Təhsil", "İnzibati idarəetmə heyəti üçün İKT-nin təhsilə tətbiqi" üzrə təlim vəsaiti və "Elektron məktəb" təlim vəsaitləri əsasında treninqlər keçirilir.

Rİ-SOL "Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi" təlimi prosesində müəllimlər şəxsiyyətyönümlü, interaktiv və inteqrativ təlim metodları haqqında biliklər qazanır və texnologiyaları sinifdə gedən tədris prosesinə necə tətbiq etməyi öyrənir.

İntel "Gələcək üçün Təhsil" proqramı çərçivəsində ümumtəhsil və ali pedaqoji müəssisələrin müəllimləri tədris prosesində İKT-dən səmərəli istifadə etmələri üçün zəruri biliklər əldə edirlər. İntel "Gələcək üçün Təhsil" təlim proqramı çərçivəsində müəllimlər dövlət təhsil standartlarına və tədris proqramlarına uyğun olan layihə planı, şagird multimedia təqdimatı, nəşr və veb-sayt, qiymətləndirmə formaları və meyarları, şagirdlər üçün didaktik materiallar və müəllimlər üçün metodik materiallarla təchiz olunurlar.

Treninqlər Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan, Lənkəran, Balakən, Zaqatala, Hacıqabul, Sabirabad, Salyan, Kürdəmir, Qəbələ, İsmayıllı, Yevlax, Tərtər, Bərdə, Beyləqan, Ağcabədi, Göygöl, Ağstafa, Qazax, Qax, Şəki, Xızı, Xaçmaz, Siyəzən, Quba, Qusar, Neftçala, Cəlilabad, Biləsuvar, Ucar, Saatlı və Ağdaşda yaradılmış təlim mərkəzlərində keçirilir.

Dövlət proqramı çərçivəsində 2010-cu ildə təhsil sistemində çalışan 2 min nəfər inzibati-idarəetmə heyəti üçün təlimlərdə iştirak edəcək. Qeyd etmək lazımdır ki, Dövlət proqramı çərçivəsində indiyədək treninqlərdən keçmiş müəllimlərin davamlı olaraq təkmilləşdirmə formatlı təlimlərdə iştirakı təhsil sisteminin informasiyalaşıdırılmasını daha da effektiv edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə