2017-ci ildə ATU-nu fərqləndirən TƏRƏFLƏR

2017-ci ildə ATU-nu fərqləndirən TƏRƏFLƏR

“2017-ci ildə Azərbaycan Tibb Universitetinin elmi fəaliyyət yönündə kifayət qədər nailiyyətləri olub. Ötən il ATU-nun nəzdində 19 ixtisas üzrə müdafiələr keçirən 5 Dissertasiya Şurası, 3 elmlər doktorluğu və 2 fəlsəfə doktorluğu şuraları təşkil olunub”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli bildirib.

Ötən il rezidenturaya 471 nəfər qəbul olub

Onun sözlərinə görə, ötən müddət ərzində rezidentura təhsilinin keyfiyyətinin artırılması istiqamətində ardıcıl işlər görülüb və bu işlər hazırda da davam etdirilir: “Rezidenturaya qəbul planı ardıcıl olaraq artırılaraq, 2017-ci ildə 471 nəfər olub. 2011-ci ildən başlayaraq, 3255 nəfər rezidenturaya qəbul olunub. 10 ixtisas üzrə rezidentura təhsil proqramları təkmilləşdirilərək təsdiq üçün hazırlanıb. Rezidentlərin buraxılış imtahanlarında yüksək qiymətlər alması çox sevindirici hal olsa da, əslində təəssüf ki, reallığı tam əks etdirmir. Bu baxımdan, gələcək də bununla bağlı lazımi işlərin görülməsinə ehtiyac var”.

ATU-da bir ilk

Rekorun sözlərinə görə, 2017-ci ildə ilk dəfə olaraq bütün bazalar üzrə dövrü və yekun atestasiyalar Azərbaycan Tibb Universitetində keçirilib: “Rezidentlər təcrübə keçmək və kliniki bacarıqları artırmaq üçün xarici ölkələrin qabaqcıl klinikalarına rotasiyalara göndəriliblər. 2017-ci ildə ATU REC 5 elmi konfransda 24 ixtisas üzrə 192 elmi iş çap edilib. Ötən il rezidenturada 38 ixtisas üzrə, Naxçıvan Dövlət Universiteti və ATU-nun Hərbi Tibb Fakültəsini bitirənlər də daxil olmaqla, 458 həkim-mütəxəssisin buraxılışı olub və həmin buraxılışdan 359 nəfər həkim-mütəxəssis təyinatla daha çox tələbat olan tibb müəssisələrinə göndərilib".

İl ərzində keçirilən tədbirlərə gəlincə, G. Gərəybəyli söyləyib ki, ötən ilin noyabrında ATU-da Gənc Alimlərin IV Beynəlxalq Tibb Konqresi keçirilib: Bundan başqa cari il müddətində Türkiyənin İstanbul Universitetinin Çapa Tibb fakültəsinin endoskopik-laporoskopik cərrahiyyə dərnəyinin təşkilati dəstəyilə, 6 nəfər professorun iştirakı ilə keçirilən “Güvənli laporoskopik xolesistektomiya” kursuna 80 tələbə və rezidentlər qatılıb”.

Ehtiyaclı tələbələr üçün təqaüd fondu yaradılıb

Rektor ötən müddət ərzində hər zaman olduğu kimi ATU-da, ehtiyacı olan tələbələrin diqqətdən kənarda qalmadığını dilə gətirib: " 2017-ci ildə valideyn himayəsindən məhrum olan tələbələrin ehtiyaclarının təmin edilməsi üçün xüsusi təqaüd fondu yaradılıb.

ATU-da Elektron Universitetin yaradılması ilə bağlı işlərə başlanılıb

“Hər bir inkişaf etmiş ölkənin universitetlərində olduğu kimi, ATU-da da dövrün tələbinə uyğun Elektron Universitetin yaradılması ilə bağlı işlərə başlanılıb. Ötən il ATU-nun dünyanın aparıcı tibb müəssisələri ilə inteqrasiyasını təmin etmək, onlarla elmi-təcrübi-kadr mübadiləsini aparmaq məqsədilə bir sıra mütəxəssislərlə görüşlər keçirilib"- deyə, G.Gəraybəyli əlavə edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə