Oktyabrın 18-də Azərbaycan Dillər Universitetinin (ADU) Heydər Əliyev adına muzey-lektoriyasında Müstəqillik Gününə həsr edilmiş geniş tədbir keçirilib. Universitetin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımovanın SİA-ya verdiyi məlumata görə, tədbirdə universitetin prorektor, müəllim və tələbələri iştirak ediblər.
Universitetin Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev görüşün əvvəlində tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi və Azərbaycan xalqının müstəqillik yolunda üzləşdiyi çətinliklərdən, məşəqqətli günlərdən danışıb. Eyni zamanda o, XX əsrin əvvəllərində baş verən tarixi proseslər, repressiya dövründən və yaxın keçmişdə baş vermiş Qarabağ müharibəsindən də söhbət açıb.
Bildirilib ki, 19 il bundan öncə Azərbaycanın dövlət müstəqilliyi haqqında konstitusiya aktı qəbul olunub. Bu aktın qəbulu ilə ötən əsrin əvvəllərində cəmi 23 ay müstəqil olan Azərbaycan yenidən azadlığa qovuşub.
Fəlsəfə kafedrasının professoru Məhəmməd Teymurlu isə tarixi faktlara əsaslanaraq Azərbaycan həqiqətlərini müəllim və tələbələrin nəzərinə çatdırıb. M. Teymurlu müstəqilliyin əldə olunmasında gənclərin mühüm rol oynadığını və müstəqilliyimizin qurucusu Heydər Əliyev siyasətinin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Azərbaycan tarixi kafedrasının müdiri Xanməmməd İbrahimov və həmin kafedranın baş müəllimi Qorxmaz Mustafayev Azərbaycanın tarixi keçmişi barədə danışıb və gəncləri vətənpərvər olmağa səsləyiblər.
Tədbirin sonunda ADU-nun 6 müəllimi, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin 15 və 1 saylı İngilis dili fakültəsinin 10 tələbəsinə Yeni Azərbaycan Partiyasının (YAP) üzvlük vəsiqələri təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB